Siyasət 16:55 23.09.2022

Paşinyan İran prezidenti ilə hansı problemi müzakirə edib? - Politoloq

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Rəisi bildirib ki, İran bölgədə cərəyan edən bütün prosesləri diqqətlə izləyir. Onun sözlərinə görə, regionada bütün problemlər dinc yolla həll olunmalıdır.
 
Rəisi deyib ki, ölkələrin ərazi bütövlüyü və regionda sərhədlərin dəyişdirlməsinin yolverilməzliyi ilə bağlı mövqeyi qətidir: "İran və Ermənistanın əlaqəsi təhlükə altına düşməməlidir”. 

Görüş zamanı İran prezidenti onu da qeyd edib ki, ölkəsi regionda sülhə töfhə verməyə hazırdır.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığını ortaya qoyub. Tehran bu prosesə hətta sərt reaksiya verərək, həmin addımın İranla Ermənistan arasında birbaşa əlaqələrin qurulmasına qarşı yönəldiyi iddiası ilə çıxış edib.

Qaynarinfo-ya açıqlamasında Rəisi-Paşinyan görüşünü dəyərləndirən politoloq Turan Rzayevin fikrincə, İrəvan İranın bölgəyə müdaxiləsinə nail olmağa çalışır:



"İranın hazırda regionumuz təsir və müdaxilə etmək imkanları elə də güclü deyil. 2010-cu ilə qədər İranın bölgəmizə müəyyən təsir imkanları olub. Amma 44 günlük müharibədən sonra cənub ölkəsinin təsir imkanları minimuma enib. İndi Azərbaycanda İrana sadiq "5-ci kolon”un təsir imkanları da azalıb. Əksinə, bu gün İran öz daxilində qadınlar tərəfdindən başlanan etiraz aksiyalarını yatırmaqda  acizdir. Belə bir vəziyyətdə Tehranın hələ də şimal sərhədlərinin dəyişməsindən, burada baş verən prosesdə qırmızı xətti müəyyən etməsindən danışması absurd yanaşmadır. 

Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılmasında İran maraqlı deyil. Çünki həmin dəhlizin açılması Anadolu ilə Türküstan türkləri arasında tarixi əlaqələrin yenidən bərpasına gətirib çıxaracaq. İran isə bundan ehtiyat edir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması regiondakı mühüm yolların birbaşa Azərbaycan üzərindən keçməsi deməkdir. Tehranı bu da narahat edir. İran bu fonda əlində olduğu dividenti itirəcəyi ilə barışa bilmir. İrəvan İranın Zəngəzur dəhlzi məsələsində həssaslıq nümayiş etdirdiyini gördüyündən maksimum dərəcədə prosesləri manipulyasiya etməyə çalışır”. 

Rüfət Sultan