Siyasət 14:26 26.05.2023

Paşinyan Moskva görüşünü niyə pozdu? - Politoloq

"Müzakirələrdə tərəflərin qarşılıqlı atmacaları da onu göstərdi ki, Moskva görüşülərində ciddi nailiyyətlər əldə etmək mümkün olmayıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü şərh edərkən deyib.

Politoloq bildirib ki, Paşinyanın görüşdən əvvəl verdiyi açıqlamaları real vəziyyət barədə təsəvvür yaradırdı:
 
"Paşinyan Moskva səfərindən öncə bəyan etdi ki, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Nikol Qarabağda müvəqqəti yerləşən rus hərbi kontingentini də tənqid etdi. O, həmçinin, İrəvanın KTMT-dən çıxması məsələsinin gündəmdə olduğunu da bəyan etmişdi. 
Ermənistanın baş naziri Zəngəzur dəhlizi məsələsinə də aydınlıq gətirdi. O, Zəngəzur dəhlizi məsələsinin hansı dövlətin ərazisindədirsə, həmin ölkənin suverenitet və yuridiksiyası çərçivəsində həll olunmalı olduğunu da diqqətə çatdırıb. Yəni, Zəngəzur dəhlizinə daxil olarkən Azərbaycan sərhədində sərhəd-keçid məntəqəsi olacaqsa, eyni şey Ermənistanda da olacaq. Bu da o deməkdir ki, Rusiya 10 noyabr sənədində deyildiyi kimi, dəhlizə nəzarət funksiyasını həyata keçirməyəcək. Onu həyata keçirəcək ölkə Ermənistan olacaq. 



Paşinyan onu da bildirib ki, KTMT-yə üzv olmaq Ermənistanın təhlükəsizliyilə bağlı digər mərkəz və dövlətlərlə münasibətinə xələl gətirirsə, bu halda İrəvan təşkilatda qalıb-qalmamaq məsələsinə baxa bilər. Bu o deməkdir ki, Ermənistan yeni təhlükəsizlik çətiri tapmaq üçün yeni güc mərkəzlərilə danışıqlar aparmaq məcburiyyətindədir. 

Moskvaya səfəri öncəsi Paşinyanın səsləndirdiyi həmin açıqlamaları real vəziyyət barədə təsəvvür yaradırdı. Bu faktlar göstərirdi ki, Moskvada heç bir anlaşma olmayacaq, necə ki, bu da baş vermədi. Onun nəticəsidir ki, Moskvadakı görüş cəmi 20 dəqiqə çəkib”. 

Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirilib. 

Rüfət Sultan