Dünya 11:58 25.01.2023

Patriarx Kiril dünyanı atomla hədələdi - Azərbaycanlı ilahiyyatçıdan sərt reaksiya

"Təəssüf ki, bu gün dinlər Allaha deyil, iqtidarlara xidmət edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı Elşad Miri Rus Provaslav Kilsəsinin başçısı, patriarx Kirilin dünyanı atom silahı ilə təhdid etməsinə münasibət bildirərkən deyib. İlahiyyatçı bildirib ki, din xadiminin iqtidarın mövqeyinə qarşı əks fikir söyləməsi mümkün deyil:
 
"Tək bu məsələ deyil, ondan əvvəl Ukrayna ilə bağlı məsələdə də patriarx Kiril Kremlin yanında olub. Bu onu göstərir ki, dünyada hər zaman, hər yerdə, haqlı olub-olmamalarından asılı olmayaraq, din xadimləri iqtidarın yanında olublar. Çünki din xadiminin iqtidarın mövqeyinə qarşı əks fikir söyləməsi mümkün deyil. Ən yaxşı halda ərizəsini yazıb, həmin vəzifədən istefa verməlidir. 



Xristianlığı imperator olaraq ilk qəbul edən Bizans imperatoru Konstantin belə dindən öz məqsədləri naminə istifadə edib. Buddizmi dövlət-imperiya dini halına gətirən Aşoka belə din amilindən yararlanıb. Bu mənada Kirilin Putinin dediyinin əksinə gedəcəyi heç bir halda inandırıcı görünmür. O, çoxsaylı oliqarxların bu məsələdə əks fikir səsləndirdiyinə görə artıq həyatda olmadığını bilmirmi? Təəssüf ki, din Allahın dini deyil, iqtidarların dediyini yerinə yetirən bir din halına gəlib. Rusiya patriarxı Kirilin dünyanı atom silahı ilə hədələməsi də da məhz bunun nəticəsidir”. 

Qeyd edək ki, Moskva və bütün Rusiyanın patriarxı Kiril indiki şəraitdə Rusiyanın məğlubiyyətinin bütün bəşəriyyət üçün fəlakətli nəticələrə gətirə biləcəyini deyib:
 
"Bu gün dünya üçün, ölkəmiz və bütün bəşər övladı üçün çox böyük təhlükələr var. Bəzi ağılsız insanlarda istək yaranıb ki, güclü silahlara malik, nəsildən-nəslə qələbələr qazanan güclü insanların yaşadığı, heç vaxt heç bir düşmənə təslim olmayan, həmişə qalib gələn Rusiyanı ya məğlub etsinlər, ya da yenidən formatlaşdırsınlar, ona hansısa dəyərləri, - bunu dəyər də adlandırmaq olmur-sırımaq istəyirlər. Rəbbimizə dua edək ki, o ağılsızları ağıllandırsın və onlara anlatsın ki, Rusiyanı məhv etmək istəyi dünyanın sonu demək olacaq". 

Bu açıqlaması ilə Rus Pravoslav Kilsəsinin başçısı faktiki dünyanı atom silahı ilə təhdid edib. 

Rüfət Sultan