Hüseynbala Səlimov
Siyasət 12:13 13.02.2023

Pəhləvilər yenidən siyasi dövriyyəyə qayıdır?..

Ötən həftə ABŞ-da İranın müxalifət liderləri toplaşmalı idilər. Əlbəttə ki, söhbət mühacir liderlərdən gedir, ölkənin içindəki siyasi liderlər hələ də inkoqnito olaraq qalırlar.

ABŞ toplantısından diqqəti çəkən buydu ki, onun əsas, mərkəzi siyasi fiquru keçmiş İran prezidenti, mərhum Rza Şah Pəhləvinin hazırda ABŞ-da yaşayan oğlu idi. İranda azacıq qarmaqarışıqlıq yaranan kimi keçmiş şahın varisləri diqqəti özlərinə çəkməyi sevirlər və biz bir növ buna alışmışıq. Amma bu? nə qədər uğurlu gedişdir? Pəhləvilərin siyasi reabilitasiyası mümkündürmü? Doğrusu, biz buna şübhə edirik, çünki qədim yunanlar demişkən: bir çaya iki dəfə girmək olmaz...
Üstəgəl, İrandakı siyasi etirazların söndüyü duyulur. Siyasi müşahidəçilər bunu soyuq hava şəraiti və zəlzələ ilə izah edirlər. Biz hava şəraitini elə də ciddi amil hesab etmirik. O ki qaldı zəlzələyə, o, iranlıları, xüsusən də cənubi azərbaycanlıları əslində ayağa qaldırmalıdır, çünki hökumət və dövlət demək olar ki, insanlara zülm edirlər,- özləri insanlara heç bir yardım göstərmir, xairci yardımları da tamam rədd edirlər. 

Odur ki, etirazların sönməsinin səbəblərini daha çox onda axtarmaq lazımdır ki, ölkə daxilində fəal təşkilatçılar və liderlər olmadı. Xaricdəkilər isə hələ indi toplaşırlar və üstəgəl, İran cəmiyyətinin onları nə dərəcədə lider qəbul etməsinin özü də şübhəlidir.

Elə bu səbəbdən də İranda hakimiyyət heç bir islahat aparmadı, hətta bunun vədini belə vermədi. Əvəzində guya, siyasi amnistiya elan etdi və biz bu sətirləri yazanda islam inqilabının yubileyinə hazırlaşdığı deyildi.

Bəs perspektiv necə olacaq? Doğrudanmı heç bir ümid yoxdur? Əlbəttə ki, belə deyil. Birincisi, hökumət heç bir islahat aparmadı və demək olar ki, problemlər qalır. İnsanlar düşünürdülər ki, İran daha heç vaxt etiraz aksiyalarından əvvəlki kimi olmayacaq. Amma bir daha deyirik ki, İran rejimi hətta islahatların anonsunu belə vermədi!

İkincisi, hakimiyyətin vəziyyəti uzun müddətə stabilləşdirmək üçün heç bir siyasi və iqtisadi resursu yoxdur. Molla rejimi oturduğu siyasi ağacı baltalaya bilməz, siyasi islahatlar onların yaratdığı rejimin sonu demək olardı. Ona görə də onlar heç vaxt bu addımı atmazlar. 

Ölkənin iqtisadi problemlərinin həllinə gəldikdə isə, bu da mümkün deyil, sanksiyalar qüvvədə qalır, onlar nəinki azalmır, əksinə artır, çünki Tehran nüvə silahı əldə etməkdə israrlıdır və bu xüsusda danışıqlara getmir...

Bəs onda vəziyyət necə olacaq? Yaxın perspektivi qeyd etdik. Amma uzaq strateji vəziyyət də var. Bütün avtoritar rejimlərin bir gün sonu gəlir. Bəli, bu gün Tehran təntənə ilə islam inqilabının yubileyini qeyd edə bilər, amma insanlar, cəmiyyət ona dəstək verəcəkmi? Düşünmürük!

İndi İranın daha bir problemi də var. Ölkənin bu vaxta qədər ayaqda qalmasının bir səbəbi də bu idi ki, qonşuları ona qarşı səmimi siyasət yürüdür, sanksiyalara və məhdudiyyətlərə qoşulmurdu. Bəs indi vəziyyət necədir? Ərəb dünyası ilə İranın vəziyyəti bərpad idi. Amma Türkiyə və Azərbaycan Tehrana qarşı səmimi münasibət bəsləyirdi. İndi İran bu ölkələri də özünə düşmən edib – Tehran elə bu günlərdə bəyan etdi ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. 
Soruşmaq lazımdır ki, görən, ac-yalavac Ermənistan Tehrana nə verəcək? Bunlar Rusiyanı və Çini özünə dost etdiklərini düşünürlər. Amma Çin İrana görə özünün regional siyasətini korlamaz. Bu ölkə niyə Zəngəzur dəhlizinin açılmasına qarşı olsun? Axı bu dəhliz ona da dividendlər vəd edir! O ki qaldı Rusiyaya, o özünün nüfuz sferalarını heç vaxt kiminləsə bölüşməyə can atmayıb...
 
Hüseynbala Səlimov