Ekonomiks 16:46 30.05.2023

Pensiya yaşı 5 il artırılır? - Deputatdan ilginc açıqlamalar

"Pensiya yaşını 70 yaşa qaldırmaq doğru qərar deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Milli Məclisin deputatı Musa Quliyevin pensiya yaşının 65-dən 70 yaşa qaldırılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Sosioloq hesab edir ki, insanları məcburi qaydada pensiyaya göndərmək də səhv addımdır:
 
"Azərbaycan əhalisi arasında uzunömürlülük azdır, insanlar tez dünyasını dəyişir. Qəbiristanlığa gedən zaman bu aydın görünür, yuxarı yaşda olan insanlar çox azdır. Əgər bir insan 65 yaşına çatıbsa və onu pensiyaya göndərirlərsə, bu, yanlış addımdır. Nə pensiya yaşını qaldırmağa yol vermək, nə də yaxşı mütəxəsisi yaş senzinə görə işdən çıxartmaq olmaz. Ona görə bizdə bu məsələ ilə bağlı fərqli model işlənilməlidir. Azərbaycanda pensiya yaşına baxış fərqli olmalıdır”. 

Əhməd Qəşəmoğlu deyir ki, Azərbaycan kiçik bir  ölkə olduğundan burada hər hansı bir sahə üzrə yaxşı mütəxəsisin yetişməsi asan deyil:
 
"Məsələn, alimlər, həkimlər və müəllimləri götürək, bəzən çox yaxşı bir həkimi 65 yaşında pensiyaya göndərirlər. Azərbaycanda savadlı kadrlar çox deyil ki, onları pensiyaya göndərəndə digəri onu əvəzləsin. Amma bütün hallarda insanlara "65 yaşın var, pensiyaya getməlisən” demək düzgün deyil. Xarici ölkələrdə bu məsələyə baxış fərqlidir, amma bizdə belə olmamalıdır. Biz Fransa deyilik. 65 yaşında olan mütəxəsis öz istəyi ilə qalıb işləyirsə, ona imkan vermək lazımdır, qoy işləsin. Digər tərəfdən, insanlar 65 yaşına çatanda pensiyaya getmək istəyirsə, mane olmaq lazım deyil. Azərbaycan yeni bir model hazırlamalıdır, işləmək arzusu olan qalsın, pensiyaya çıxmaq istəyən getsin. Amma bu modeldə harada işləməsindən və işləməməsindən asılı olmayaraq pensiya yaşını qaldırmaq olmaz”. 

Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Musa Quliyev pensiya yaşı ilə əlaqədar təklif verib.  O bildirib ki, "Pensiya yaşı 65-dən 70 yaşa qaldırılsın".

Bahar Rüstəmli