Video 18:20 25.03.2023

Peşəkar boks niyə diqqətdən kənarda qalıb? - Məşqçi Ramil Məmmədzadə səbəbləri açıqlayır

"Hazırda Azərbaycanda peşəkar boks sahəsində vəziyyət o qədər də ürəkaçan deyil”. 

Bunu Qaynarinfo-ya boks üzrə məşqçi Ramil Məmmədzadə bildirib. Onun sözlərinə görə, əsas problem sponsor tapmaqdır:

"Yaxşı boksçularımız var. Onlar dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək iqtidarındadırlar. Təəssüf ki, sponsor tapa bilmirik. Öz gücümüzə müəyyən döyüşlər edirik. Amma bu kifayət deyil”.

Məşqçinin sözlərinə görə, hazırda yetirməsi Kazım Umudovun döyüşə hazırlayır: "Aprel ayında döyüş baş tutmalıdır. Kazım Umudov kifayət qədər ümidverici boksçudur. Əminəm ki, bu döyüş onun üçün uğurla nəticələnəcək. O, peşəkar boks karyerasında 10 döyüş keçirib. 5 qələbəsi var. 33 yaşı olmasına rəğmən daha yüksək titullar uğrunda döyüşmək iqtidaeındadır”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda idmanın digər növləri sürətlə inkişaf etsə də, peşəkar boks sahəsində axsama var: 

"Bunun səbəbi təkcə sponsorla bağlı məsələ deyil. Nepotizm bütün sahələrə sirayət etdiyi kimi idman sahəsinə də təsirsiz ötüşməyib. Peşəkar boksun da diqqətdən kənarda qalmasının əsas səbəblərindən biri də budur. Bir də görürsən istedadlı boksçu kənarda qaldı, hansısa biznes maraqlarına və yaxud qohumuq əlaqələrinə görə bir başqasını önə verdilər. Yəni, dəstək oldular. O da uğurlu nəticə göstərmir. Bu halda istedadlı boksçular həvəsdən düşür, karyerasına son verir. Mən çox sayda istedadlı boksçular tanıyıram ki, bu gün yarışlara çıxmaq imkanı yoxdur. Halbuki onlara dəstək verən olsa, Azərbaycan bu sahədə öncüllərdən olar. 

Bu gün ölkədə narkomaniya geniş vüsət alıb. Bu bəlaya qarşı mübarizənin bir növü də təbii ki, idmandır. Biz də fəaliyyətimizdə bu məsələyə xüsusi diqqət yetiririk. Yəni, məqsədimiz yalnız yaxşı idmançı yetişdirib pul qazanmaq, bu işi biznesə çevirmək deyil. Məqsədimiz həm də gəncləri pis vərdişlərdən uzaq tutmaq, sağlam həyat tərzi sürmələrinə vəsilə olmaqdır”.

Abbas