Dünya 12:30 28.12.2022

Pis hava şəraiti 4 tondan çox həşiş daşıyan gəmini ələ verdi

Kadis körfəzində İspaniya polisi gömrük orqanlarının və cinayətkarlıqla mübarizə agentliyinin əməkdaşlarının iştirakı ilə göyərtəsində 4 tondan çox həşiş aşkar edilən Britaniya yelkənli gəmisini saxlayıb.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə İspaniya Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi Mərakeşin qərb sahillərinə doğru gedərkən Cəbəllütariq boğazında pis hava şəraiti səbəbindən İspaniya sularına qayıtmağa məcbur olub. Eyni zamanda İspaniyanın hüquq-mühafizə orqanlarına Britaniya hakimiyyəti tərəfindən şübhəli yelkənli qayıqla bağlı xəbərdarlıq edilib. Araşdırma zamanı məlum olub ki, narkotik maddənin sonradan Cənubi Amerikaya göndərilməsi üçün Mərakeşə çatdırılması planlaşdırılır.

Polis gəmini Kadis şəhərindəki yaxtalar üçün ayrılmış yerdə aşkarlayandan bəri nəzarətdə saxlayır. Yelkənli qayıq fırtınadan sığınmaq üçün İspaniya sularına qayıdan zaman gömrük patrul qayığı ona yaxınlaşa bilib. Gömrükçülər yelkənli qayığın göyərtəsində çoxlu sayda çanta aşkar ediblər. Gəmi Kadia limanına çatdırıldıqdan sonra axtarış zamanı içərisində 4,4 tona yaxın həşiş qətranı olan 130 bağlama aşkar edilib.

İki ekipaj üzvü həbs edilib, lakin istintaq hələ də davam edir, daha çox həbslər mümkündür, - polis bildirib.
 
Alpər