Dünya 19:14 19.01.2023

Polşalı general Rusiyanın yenidən hücumu senarilərindən birini təsvir etdi (TƏFƏRRÜAT)

Bu gün Ukrayna və Rusiya arasında müharibədə həlledici və haradasa dönüş nöqtəsidir. Kreml Voronej, Kursk və Bryansk vilayətlərindən hücuma hazırlaşa bilər.

Qaynarinfo bu barədə BBC-yə müsahibəsində Polşa quru qoşunlarının keçmiş komandanı general Valdemar Skşiçakın sözlərinə istinadən yazır.

Skşiçakın sözlərinə görə, yaz və yay kampaniyasında Rusiyanın məğlubiyyətindən sonra onlar Bryansk, Kursk və Voronej vilayətlərində qoşun cəmləşdirməyə başlayıb. Kütləvi səfərbərlik zamanı orduya cəlb edilmiş 300 min əsgərin əksəriyyəti hazırda orada cəmləşib.

Generalın fikrincə, Kreml bu istiqamətdən yenidən Ukraynaya zərbə endirərək, cənuba doğru hərəkət edə bilər. Bu senariyə görə, Poltava və Dnepr hücuma məruz qala bilər. Çox güman ki, Rusiya prezidenti Vladimir Putin Kiyevə getməyəcək, 2014-cü ildə Luqansk və Donetskin işğalı zamanı tətbiq etdiyi kiçik addımlar strategiyasından istifadə edəcək.

Bundan əlavə, ola bilsin, Rusiya Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini tutmağa çalışacaq. Lakin düşmənin uğur qazanıb-qazanmayacağı Ukraynaya göstərilən yardımdan asılı olacaq.

"Bu, həkimin xəstəyə tam müalicə əvəzinə bir neçə damcı dərman verməsi kimidir”, deyə general bildirib.

Yaxın iki-üç ay ərzində Rusiyanın növbəti hücumu ehtimalı yüksək olduğundan, Ukraynaya daha çox tank, zirehli texnika və 300 kilometr və ya daha çox məsafəyə atəş açan uzaqmənzilli raketlər ötürülməlidir.

Generalın izah etdiyi kimi, Ukrayna Silahlı Qüvvələri hücuma hazırlaşan Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə raket zərbələri endirə və bununla da Kremlin planlarını puça çıxara bilər. Lakin Ukrayna müvafiq silahların olmaması səbəbindən belə zərbələr endirə bilmir.

General qeyd edib ki, Qərb Ukraynanın səmasını bağlamağa cəsarət etmədiyi üçün Ukrayna Silahlı Qüvvələri təkbaşına hava zərbələrindən qorunmalıdır və buna görə də Rusiyanın hücum zamanı daha çox təyyarədən istifadə edə biləcəyinə hazırlaşmaq lazımdır.

Skşiçak əlavə edib ki, Ukraynanın Rusiya və ya Belarus ərazisi üzərindən bu təyyarələri vurmaq üçün uzaqmənzilli raketlərə ehtiyacı var, çünki bu, onun özünümüdafiə hüququdur.

Belarusdan açıq hücum riskinə gəlincə, general qeyd edib ki, əgər Belarus ordusu müharibəyə cəlb oluna bilsəydi, bu, çoxdan baş vermişdi.

Nizami Bağırov