İdman 20:25 22.04.2023

Premyer Liqa: "Neftçi" autsayderlə oyunda xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib.

"ASCO Arena"dakı qarşılaşma 1:1 hesabı ilə bitib. Qonaqların heyətində 8-ci dəqiqədə Yeqor Boqomolski, "dənizçilər"də isə 32-ci dəqiqədə Maksim Çex fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 22 xalla sonuncu 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. XXXI turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.