Dünya 15:52 07.06.2023

“Priqojini aradan götürəcəklər” - Ekspert

"Belə açıqlamalar Rusiya rəhbərliyi daxilində dərin çatların olduğunun sübutu olmaqla yanaşı, yaxın zamanlarda Priqojinin fiziki cəhətdən aradan götürülə biləcəyinin siqnalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov "Vaqner” hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin Ukraynanın əks-hücumla xeyli əraziləri azad edəcəyi və buna mane olmaq üçün Rusiya rəhbərliyindən 200 minlik qoşun istəməsi məsələsini şərh edərkən deyib. 

Ekspert bildirib ki, Çeçenistan parlamentinin rəhbəri Davıdov açıq şəkildə Priqojinə həddini aşdığı, ağzına gələni danışdığı barədə mesajlar verib”. 

Ü.Cəfərov onu da qeyd edib ki, Priqojin nə etdiyinin fərqindədir. "Priqojin Rusiyanın düşdüyü real vəziyyəti bilir və ona görə də yaranmış vəziyyətdən istifadə etməyə çalışır. O, bu kimi açıqlamaları ilə özü barədə müsbət imic formalaşdırır. Moskvaya dron hücumu, Belqorod, Kurska edilən hücumlar fonunda Priqojin bilir ki, Rusiyanın hazırkı rəhbərliyinə inam azalır. Ona görə də tez-tez Rusiya hakimiyyəti və ordusunu aşağılayan açıqlamalarla çıxış edir. İstədiyi 200 minlik ordunu heç kim ona verməyəcək. Bu qoşunu ona versələr, Priqojin hələ çox oyunlardan çıxa bilər. Nəzərə alaq ki, o cinayətkar aləmin tanınmış üzvlərindən biridir. Priqojin rus generallarının bir nömrəli düşmənidir. Şoyqunu, Gerasimovu daima təhqir edir. Rus generalları heç bir halda Priqojinə rəhbərlikdə təmsil olunmağa imkan verməyəcəklər”, deyə ekspert vurğulayıb.

Qeyd edək ki, "Vaqner” özəl hərbi şirkətin yaradıcısı, iş adamı Yevgeni Priqojin Ukraynanın  əks-hücum əməliyyatı zamanı Rusiya tərəfindən işğal olunmuş ərazilərin bir hissəsini itirəcəyini proqnozlaşdırıb və bunun qarşısını almaq üçün ona 200 min əsgər ayrılmasını istəyib. O həmçinin, Putini səfərbərlik elan etməyə çağırıb. 

Rüfət Sultan