İdman 11:10 04.05.2023

PSJ azarkeşləri Neymarla Messini söydü

PSJ-nin "Ultras" azarkeş qrupu klubun qərargahı qarşısında etiraz aksiyaları keçirib.

Qaynarinfo-nun məlumatına görə, azarkeşlər xüsusən də komandanın aparıcı üzvlərindən olan Lionel Messi və Neymara etirazlarını bildirib. Fanatlar Messinin Səudiyyə Ərəbistanımna getdiyi üçün klub tərəfindən cəzalandırılması ilə bağlı yayılan xəbərlərdən sonra etirazlarını səsləndirib. 

Klub argentinalı futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəlib. Azarkeşlər də buna çox qəzəblənərək argentinalı və braziliyalı ulduzları söyüşlərə qonaq edib. Neymar fevral ayında topuğundan zədə aldığı və komandadan ayrı qaldığı üçün PSJ-də oynaya bilməyib. "Ultras" həmçinin klubun prezidenti Nasser Al-Khelaifi üçün də məyus olduqlarını bildirib. Messi və Neymar PSJ-yə Çempionlar Liqasını qazanmaq üçün gətirilsələr də, Avropanın ən böyük klub yarışının qalibi ola bilmədilər. PSJ "Bavariya"ya məğlub olaraq mübarizədən kənarlaşdırıldı və milyonlar xərclənməsinə baxmayaraq, qitənin ən yaxşı komandası titulunu qazanmağa yaxın belə olmadılar.

Kristof Qaltyerin komandası bu mövsüm çempionluğa əsas namizəd göstərilsə də, son vaxtlar qeyri-sabit oyun sərgiləyir. Fransa nəhəngi ilin əvvəlindən bəri Liqa 1-də 6 dəfə məğlub olub və Fransa Kubokunda "Marsel"ə uduzaraq mübarizəni dayandırıb.  

Xarici mətbuatda yayılan xəbərlərə görə argentinalı futbolçu bir ay əvvəl PSJ-dən ayrılmaq qərarına gəlib və Səudiyyə Ərəbistanı klubuna getmək üçün danışıqlar aparır.

Səbuhi Həsənov