Ekonomiks 11:16 18.03.2023

“Putin Cənub dəhlizinə ümid bəsləyir” - Ekspert

"Putin anlayır ki, mövcud vəziyyətdə Rusiyanın iqtisadi cəhətdən canlanması yalnız Azərbaycandan keçən həmin yoldan istifadə etməkdən keçir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Rusiya prezidenti Vladimir Putinin Dağıstan-Azərbaycan-İran yolunun tikintisinin tezləşdirilməsi təklifinin arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən deyib. Ekspert bildirib ki, indiki halda Azərbaycan üzərindən keçən yol geostrateji yoldur:


 
"Ukrayna müharibəsilə əlaqədar Rusiyanın Qərbə bütün perimetrboyu çıxışı tamamilə dayandırılıb. Rusiya əlverişsiz vəziyyətə düşüb. Mövcud durumda Moskva üçün yalnız Azərbaycandan keçməklə müəyyən çıxış mövcuddur. Bu nöqteyi-nəzərdən hazırda cənub istiqaməti Moskva üçün ən əlverişli coğrafi məkandır. Azərbaycan üzərindən keçən yol geostrateji və əlverişli olmaq mənasında, habelə, ölkəmizin şimal-cənub, şərq-qərb qovşağının mərkəzində olması baxımından olduqca mühümdür. Bu, bir aksiomadır və onun alternativi yoxdur. Rusiyanın şərq istiqamətində çıxışına Çin mane olur. Çünki Çin əmtəə bazası kimi dünyanın ən güclü ölkələrindən biridir. Ona görə də həmin yol da Rusiya üçün o qədər də cəlbedici deyil”. 

Lakin ekspertə görə, Putinin bu niyyətinin reallaşması üçün prosesdə bütün ölkələr iştirak etməlidir:

"İran Azərbaycana qarşı qeyri-konstruktiv siyasət yürütməkdə davam edərsə, Putinin bu istəyi sözsüz ki, baş tutmayacaq”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Dağıstan-Azərbaycan-İran yolunun tikintisini tezləşdirməyi təklif edib. Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında çıxışı zamanı Dağıstan-Azərbaycan-İran yolunun tikintisini sürətləndirməyi və maliyyə mənbələrini dəqiqləşdirməyi tapşırıb. Rusiya prezidentinin sözlərinə görə, Şimal-Cənub dəhlizi kimi, bu yola da hər zaman ehtiyac olacaq. 

Rüfət Sultan