Siyasət 17:46 26.10.2022

Putin Əliyev və Paşinyana nə təklif edəcək? - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, baş nazir Nikol Paşinyan oktyabrın 31-də Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq.
 
"Məndə olan məlumatlara görə, Paşinyan Soçiyə səfər edəcək. Düşünürəm ki, görüş baş tutacaq”, deyə Simonyan bildirib.

Qeyd edək ki, Əliyevlə Paşinyan arasında son görüş 6-7 oktyabr tarixlərində Praqada keçirilib. Burada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirakı ilə dördtərəfli görüş olub. Görüşün nəticəsi olaraq Avropa İttifaqının mülki missiyasının Ermənistanın Azərbaycanla sərhədinə göndərilməsi razılaşdırılıb. Artıq bu istiqamətdə ilk addımlar da atılıb. Buna cavab olaraq Putin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyev və Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib. İndi bəlli olur ki, belə bir görüş oktyabrın son günündə olacaq.

Putin Əliyevlə Paşinyanı niyə dəvət edib?
 
QAFSAM sədri Araz Aslanlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, Putinin belə bir görüşü təşkil etməkdə məqsədi prosesi nəzarəti altında saxlamaqdan ibarətdir:


 
"Rusiya üçün Cənubi Qafqazdakı proseslər birinci dərəcəli maraq dairəsindədir. Moskva özü üçün ən çətin dövrlərdə belə Cənubi Qafqazda təsir dairəsini qoruyub saxlamağa çalışıb. Azərbaycanla və Ermənistan arasında tam sülhün əldə olunması üçün müxtəlif formatlarda mürəkkəb proseslər gedir. Rusiya bu formatlardan biri, eyni zamanda ən önəmlilərindən biridir. 

Moskvanın Ermənistan üzərində ciddi təsiri var. Yəqin ki, Moskva ən azından sülhün əldə olunması yolunda Azərbaycanla Ermənistanın hansı vəziyyətdə olduqlarını görmək, prosesdən tam məlumatlı olmaq, onu maksimum dərəcədə öz nəzarəti altında saxlamaq və burada əsas qərarverici qüvvə olmaq istəyir. 

Həmçinin, bu görüşlə Kreml dünyaya göstərmək istəyir ki, Cənubi Qafqazdakı mövcud vəziyyət onun iştirakı ilə imzalanmış bəyannaməyə əsaslanır. Onlar həmçinin Qarabağın müəyyən hissəsində yerləşən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi kimi təqdim edilməsini də unutdurmağa çalışırlar”. 

Rüfət Sultan