Azər Rəşidoğlu
Siyasət 13:09 10.10.2022

Putin Ukraynada tarana getdi: Onun növbəti senarisi nə ola bilər? (ŞƏRH)

Rusiya prezidenti Vladimir Putin Ukryanada tarana getdi. Əslində, onun başqa yolu da qalmamışdı. 

Ölkədə qismən səfərbərlik elan edəndən sonra yüz minlərlə çağırışçı təcili şəkildə Rusiyanı tərk etməyə başladı. İnsanlar savaşmaq və ölmək istəmir. Putin ideoloji müstəvidə məğlub oldu. Ukrayna savaşının aylarca uzanması da Kreml sahibini pərt edir. 

Ona da diqqət yetirək ki, son günlər Rusiya hərbi elitası ciddi şəkildə parçalanmışdı. Hərbçilərin açıq qarşıdurması ölkədə hərbi çevriliş ehtimalı yaradırdı. Təbii ki, Putin belə bir riskə gedə bilməzdi. Onun nüfuzu və taleyi zərbə altında idi. Rusiya siyasi və hərbi elitası da Putinin girovluğundan xilas olmaq üçün çırpınırdı. Ölkədə oliqarxiya və hərbçilər Putinə qarşı birləşə bilərdi. İqtisadi böhran Putinin nüfuzunu darmadağın edirdi. Mərkəzdənqaçma tendensiyasını dayandırmaq və siyasi-hərbi elitanın parçalanmasının qarşısını almaq üçün "xarici düşmən amili” lazım idi. Bu baxımdan, hər kəsə bəlli idi ki, Putin son gülləsini atmağa hazırlaşır. 

Putin paytaxt Kiyevi və Ukraynanın iri şəhərlərini bombalamaqla onu nümayiş etdirdi ki, könüllü şəkildə təslim olmayacaq və Haaqa Hərbi Tribunalının hökmü ilə asılmaq niyyətində də deyil. Aydın məsələdir ki, artıq onun vəziyyəti son dərəcə dramatikləşdirməkdən başqa yolu qalmamışdı. Putin məntiqə sığmayan addım atdı. İndi Kremlin sahibi çalışacaq ki, müharibənin miqyasını daha da böyütsün. Ukrayna və Rusiyada dinc əhali həlak olacaq, şəhərlər dağılacaq. Putin Zelenskini devirməkdə və ya öldürməkdə israrlıdır. 

Rusiya lideri açıq bəyan edir ki, Ukrayna terrorçu dövlətdir, onun prezidenti Zelenski isə beynəlxalq terrorçudur. Əslində, faciə elə bu yanaşmada gizlənib. Putin üçün heç bir "qırmızı xətt" qalmayıb. Kreml Ukraynanı tam dağıtmaqla özünü qorumaq, edamını yubatmaq, vaxt qazanmaq niyyətindədir. 

Ehtimal etmək olar ki, Ukrayna da Rusiyanın daxili ərazilərinə zərbələr endirəcək, bu gedişatı FSB generalı Putin incəliyinə qədər hesablayıb. Putinə taktiki nüvə silahından istifadə etmək lazımdır. Ona belə bir bəhanəni təxribata çəkilən Ukraynanın Rusiya ərazisini vurması verə bilər. İstisna da deyil ki, Rusiyanı Ukrayna ərazisindən elə Putinə tabe olan qüvvələr özləri vuracaqlar. Bu baxımdan, Qərbin də geriyə yolu qalmayıb. Əgər NATO rusların Qara dənizdəki bazalarını dağıtmasa və bu dəniz ruslara məzar olmasa, o raketlər SSRİ-ni bərpa etməyə yönələcək.
 
Bir çox araşdırmaçılar əmindir ki, Krım körpüsünü Rusiya özü partladıb. Bu, 2001-ci il 11 sentyabrda ABŞ-ın yeni dünya düzəni üçün həyata keçirdiyi terror hadisəsinin bənzəri oldu. İndi də Rusiya çalışır ki, Ukraynanın atdığı raket zərbələri nəticəsində dinc Rusiya vətəndaşları həlak olsun və Putin nüvə düyməsinə bassın. 

Bölgə qan gölünə dönür...

Azər Rəşidoğlu