Dünya 10:49 16.05.2022

Putinin sözlərimi belə sakit qəbul etməsi təəccüblü idi... - Finlandiya prezidenti

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi onu deməyə əsas verir ki, Kreml müstəqil qonşu ölkəyə hücum edə bilər.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu sözləri Finlandiya prezidenti Sauli Niiniste ölkənin NATO-ya üzvlük üçün müraciət etmək qərarını izah edərkən deyib.

Eyni zamanda o, Putinin ölkəsinə hücum etməyəcəyinə ümid etdiyini bildirib.

"Rusiyanın indi və ya gələcəkdə Finlandiyaya hücum edə biləcəyinə inanmasam da, Avropa və dünyada siyasi mənzərə neytral ölkələrə yer qoymur", - Niiniste bildirib.

Telefon danışığında Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etmə qərarı barədə Putinə məlumat verən Niiniste Rusiya prezidentinin sakit reaksiyasına təəccübləndiyini bildirib.

"Əslində onun bunu belə sakit qəbul etməsi təəccüblü idi... Amma təhlükəsizlik siyasətində, xüsusən də Rusiya ilə danışanda nəzərə almaq lazımdır ki, onun dedikləri o demək deyil ki, ehtiyatlı olmamalısan. Ancaq hələlik, deyəsən, heç bir ciddi problem yoxdur”, - deyə Finlandiya Prezidenti yekunlaşdırıb.
Xatırladaq ki, Finlandiya NATO-ya üzv olmaq niyyətini rəsmən bəyan edib.

Baş nazir Sanna Marin bildirib ki, Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq məcburi addımdır.
 
Alpər