Dünya 10:34 02.03.2023

Putinin yeni ərazi reallıqları ilə bağlı tələbləri qəbuledilməzdir - Blinken

ABŞ dövlət katibi Entoni Blinken Putinin "yeni ərazi reallıqlarının” tanınması tələbini qəbuledilməz adlandırıb. O qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün həqiqətən mənalı diplomatik səylərə başlamağa hazır olduğuna dair heç bir sübut yoxdur.

Qaynarinfo bu barədə "Amerikanın səsi”nə istinadən xəbər verir.

Blinken hesab edir ki, Kreml danışıqlara hazır deyil.

"Bunun əksini sübut edən dəlillər var. Sadəcə, prezident Putinin dediklərinə qulaq asın", - o vurğulayıb.

Nümunə kimi dövlət katibi Putinin son bəyanatını göstərib, burada o, deyir ki, Ukrayna "yeni ərazi reallığını tanımayana” qədər onunla danışmağın mənası yoxdur.
Başqa sözlə, Ukrayna Rusiyanın ərazilərini zəbt etdiyini və bu əraziləri götürəcəyini etiraf edənə qədər heç danışmayacaqlar”, - deyən Blinken bu cür təkliflərin qəbuledilməz olduğunu qeyd edib.

ABŞ dövlət katibi əmindir ki, beynəlxalq ictimaiyyət ədalətli və davamlı sülhə çalışır. O, bunun sübutu kimi BMT Baş Assambleyasının 141 ölkənin səs verdiyi yeni qətnaməni göstərib.

Onun sözlərinə görə, qətnamə sübut edir ki, "sülh üçün güclü istək var, lakin ərazi bütövlüyü, suverenlik və müstəqillik baxımından BMT Nizamnaməsinin prinsiplərinə cavab verən ədalətli və davamlı sülh.

Blinken bildirib ki, Rusiyanın fasilə götürməsinə, yenidən silahlanmasına və bir, iki-üç ildən sonra yenidən hücuma keçməsinə imkan verilməməlidir. Ona görə də diqqəti buna yönəltmək lazımdır.

ABŞ dövlət katibi Entoni Blinken Yeni Dehlidə keçiriləcək G20 toplantısında nə Rusiya xarici işlər naziri, nə də Çinin xarici işlər naziri ilə görüşməyi planlaşdırır.

Nizami Bağırov