Dünya 16:09 10.03.2023

Putinlə danışıqlara hazıram, amma hələlik ondan heç bir fayda görmürəm - Fin prezident

Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, o, Vladimir Putinlə danışıqlara tam hazırdır, lakin indi bunda heç bir fayda görmür. Prezidentlər sonuncu dəfə 2022-ci ilin mayında danışıblar.

Qaynarinfo xəbər verir ki, o, bunu Bloomberg-ə müsahibəsində bildirib

"Mən deməliyəm ki, bir faydası olarsa, onunla danışmağa "tam hazıram”, lakin hazırda biz belə bir şey görmürük”, - Niinistö deyib.

Bloomberg-ə müsahibəsində o, həmçinin bildirib ki, Finlandiya hələ 2021-ci ilin dekabrında, Rusiya NATO-dan qoşunlarını Şərqi Avropadan çıxarmağı tələb edəndə, Şimali Atlantika Alyansına qoşulmaq barədə düşünüb.

2022-ci il mayın 14-də Finlandiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət zamanı cənab Niinistö Finlandiyanın NATO-ya üzv olmaq niyyətində olduğunu bildirib.

Rusiya ilə Finlandiya arasında münasibətlər Finlandiya NATO-ya üzv olmaq planlarını elan etdikdən sonra pisləşib. Vladimir Putin bildirib ki, bloka üzvlük "ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək”. Rusiya səfiri Finlandiya ilə "faktiki olaraq çökmüş" ticarət əlaqələrindən danışıb.

Nizami Bağırov