Amal Abuşov
İdman 13:21 14.07.2021

“Qalatasaray”ın başına gələnlər “Neftçi” üçün niyə dərs olmalıdır?

Amal Abuşov

Yəqin sizin də xəbəriniz var. İstanbulun "Qalatasaray” klubu yoxlama görüşündə "Olimpiakos”la qarşılaşmaq üçün yollandığı Afinaya buraxılmayıb. "Sarı-qırmızılar” hava limanındakı sərhəd-buraxılış məntəqəsindən geri qayıdıb, yoldaşlıq oyunu keçirmək fikrindən də daşınıblar. 

Səbəbi isə çox gülüncdü. İstanbuldan yola çıxan nümayəndə heyətinin əlində 72 saat keçərli olan PCR testi olub. Bu testlərdə qeyd edilib ki, futbolçularda və rəsmi şəxslərdə koronavirusun əlamətləri qeydə alınmayıb. Amma Afina hava limanında əyləşən sərhədçilər və gömrük əməkdaşları bu testləri qəbul etməyib və türkiyəli qonaqlar iki saata yaxın gözlədilib. Baş verənlərdən əsəbləşən baş məşqçi yoxlama oyunun ləğv edilməsini, heyətin isə İstanbula geri dönməsini istəyib. Klub rəhbərliyi də Fatih Terimin bu istəyini gerçəkləşdirib.

Bu qarşılaşmanın adı onsuz da yoldaşlıq, dostluq görüşü idi. Türkiyə ilə Yunanıstan arasında siyasi münasibətlərin gərgin olduğu bir dönəmdə "Qalatasaray”ın yunanlara dost əli uzatması, dünyanın məşhur klublarından birinin səfərə yollanması insanlıq nümunəsi idi. Çox təəssüf ki, yunanlar onlara uzanan bu əli geri çevirib, qaşınmayan yerdən qan çıxardılar. Hadisələrin sonrakı gedişatı bir qədər də gərgin və siyasi xarakter alıb, işə Türkiyənin iki naziri qarışıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu, eləcə də Gənclik və İdman naziri Məhmət Kasapoğlu açıqlama yayıb, "Qalatasaray”ın yanında olduqlarını bəyan ediblər. Bu iki nazirin açıqlamasından sonra məsələyə Yunanıstanın Mülkü Müdafiə naziri Nikos Çardalias münasibət bildirib. Onun açıqlaması yaşananların sifarişinin "yuxarıdan” gəldiyini aşkarlayıb: "Qalatasaray” nümayəndə heyətinin sürətli test verməsi lazım idi. Onlar bundan imtina etdilər və mənim əmrimlə ölkəyə buraxılmalıdılar”. 

Məlum məsələdi ki, hər bir ölkənin koronavirusla özünəməxsus mübarizə üsulları var. O cümlədən də Yunanıstan Türkiyədən gətirilən testlərə inanmaya bilərdi, amma bununla bağlı əvvəlcədən "Qalatasaray” məlumatlandırılmalı idi. Onlar bunu bilsəydilər, heç məsələ də bu qədər böyüməzdi. Görünən odu ki, "Olimpiakos” rəhbərliyi də qonaqlarının qeydinə lazımınca qalmayıb, onlara qaydalarla bağlı ətraflı məlumat verməyiblər. Nəticəsi göz önündədi. Bir yoxlama görüşündən daha böyük əhəmiyyət daşıyan futbol qarşılaşması ləğv edildi, onsuz da münasibətləri qaydasında olmayan iki ölkə arasında növbəti gərginlik alovlandı. 

Bu məsələyə diqqət ayırmağım təkcə "Qalatasaray”ın pozulan hüququ, türk dünyasının sevimli klubunun hörmətsizliklə qarşılanması deyil. Bilirsiz ki, bu gün "Neftçi” Gürcüstan çempionu "Dinamo”nu qəbul edir. Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən bu qarşılaşmaların birincisində "xalq komandası” 2:1 hesabıyla qalib gəlib. Bu gün möcüzə baş verməsə, "Neftçi” iki oyunun nəticəsinə görə turu keçən tərəf olacaq və növbəti mərhələyə yüksələcək. Həmin mərhələdə isə "Neftçi”nin rəqibi məhz elə "Olimpiakos”du. Ümid edirəm ki, "ağ-qaralar” bizi sevindirdikdən sonra Yunanıstan səfərinə ciddi hazırlaşacaq və bütün nüansları dəqiqliklə öyrənəcək. Yunanların "Qalatasaray”ın başına açdığı oyun bizim üçün həm ibrətlik dərs olmalıdı, həm də əlavə motivasiya mənbəyi.