İdman 11:14 18.08.2022

“Qarabağ”ın oyununa qanunsuz bilet satan daha 22 nəfər cəzalandırıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Qeyd edək ki, buna qədər UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ” – "Viktoriya” oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən yeddi nəfər saxlanılmışdı.