İdman 19:42 16.10.2022

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, günün ikinci oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu qonaqlar vurub. "Gənclik şəhəri" təmsilçisinin heyətində Almir Aqanspahiç 56-cı dəqiqədə fərqlənib. Ağdam klubunun qollarına 67-ci və 88-ci (penalti) dəqiqələrdə Ramil Şeydayev, 73-cü dəqiqədə Musa Qurbanlı imza atıb.

Xallarının sayını 27-ə çatdıran "Qarabağ" birinci pillədə qərarlaşıb. "Sumqayıt" 4 xalla 9-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" Gəncədə "Kəpəz"i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.