Dünya 18:38 19.05.2022

Qərb analitikləri Ərdoğanın Finlandiya və İsveçlə bağlı mövqeyini təhil edir

Emili Rauhala, Mişel Birnbaum və Ellen Nakaşima
 
Türkiyə çərşənbə günü Skandinaviya ölkələri ərizələrini təqdim etdikdən qısa müddət sonra Finlandiya və İsveçin NATO-ya üzvlük danışıqlarının başlamasına mane olub. Bu ittifaqı genişləndirmək və Avropanın Soyuq müharibədən sonrakı təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq prosesinin necə çətin ola biləcəyini göstərir.

Türkiyənin müqaviməti Baş katib Yens Stoltenberqi üzvlük prosesində irəliləmək üçün lazım olan konsensusdan məhrum etdi. Eyni zamanda Rusiyanın Ukraynanı işğalı təhlükəsizlik mövzusundakı düşüncələrini alt-üst edənə qədər hərbi neytrallıq siyasətinə sıx bağlı olan iki ölkə üçün tarixi bir məqama mane oldu.
Mövzu ilə tanış olan və anonim qalmaq istəyən iki rəsminin verdiyi məlumata görə, NATO səfirlərinin görüşündə Türkiyə Finlandiya və İsveçin alyansa qoşulması ilə bağlı bəzi məsələlərin üzərində işləməyə ehtiyacı olduğunu bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Kürdüstan Fəhlə Partiyası - PKK üzvlərinə sığınacaq verməsinə etiraz edib və NATO-nun genişlənməsinə razılaşacağı təqdirdə başqa güzəştlər əldə etməyə çalışacağını göstərib.

NATO diplomatları hələ də böyük ölçüdə Türkiyənin etirazlarından vaz keçəcəyinə və alyansın Rusiya ilə quru sərhədini ikiqat artıracaq genişlənməyə razı olacağına inanırlar. Lakin onsuz da aylar çəkəcəyi gözlənilən proses digər ittifaq üzvlərinin gözlədiyindən daha yavaş və mürəkkəb gedə bilər.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü Tvitter hesabında yazıb ki, "Rusiya cavab tədbirləri görməlidir” və onun "mahiyyəti daxil hərbi və texniki aspektləri,” Finlandiya və İsveçin NATO-ya üzvlük şərtləri qiymətləndirildikdən sonra müəyyən ediləcək.

Finlandiya və İsveç faktiki olaraq ən çox təşkilata qoşulmadan əvvəlki dövrdə Rusiyanın hücumlarına qarşı açıqdırlar, ona görə ki, hələ də NATO-nun qarşılıqlı müdafiə zəmanətləri ilə əhatə olunmayıblar. Avropalı rəsmilər və diplomatlar iki ölkənin hibrid və ya gizli hücumlara hazır olduğunu bildirirlər. Bir neçə müttəfiq isə aralıq dövrdə Finlandiya və İsveçin onların qorumasına ümid edə biləcəyinə dair təminat verib. 

Stoltenberq çərşənbə günü ərizələrin təqdim edilməsini "tarixi addım” adlandırıb.

"Mən Finlandiya və İsveçin NATO-ya üzv olmaq tələblərini ürəkdən alqışlayıram. Siz bizim ən yaxın tərəfdaşlarımızsınız və NATO-ya üzvlüyünüz bizim ümumi təhlükəsizliyimizi artıracaq”, - o, Brüsseldə hər iki ölkənin səfirləri ilə keçirdiyi mətbuat konfransında deyib.

İsveçin baş naziri Maqdalena Anderson və Finlandiya prezidenti Sauli Niinisto cümə axşamı Baydenin dəstəyini almaq üçün Ağ Evə səfər edəcəklər.
Çərşənbə günü verdiyi bəyanatda Bayden deyib: "Mən Finlandiya və İsveçin NATO-ya üzvlük üçün tarixi müraciətlərini ürəkdən alqışlayır, qətiyyətlə dəstəkləyir və Finlandiya və İsveçi tez bir zamanda tarixdəki ən güclü müdafiə ittifaqına gətirmək üçün ABŞ Konqresi və NATO müttəfiqlərimizlə işləməyi səbirsizliklə gözləyirəm”.

Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün rəsmi müraciəti çərşənbə günü müharibə ilə bağlı digər hadisələr fonunda açıqlanıb. Ukrayna ictimai televiziyasının verdiyi məlumata görə, Ukraynada həbsdə olan və münaqişədəki hərbi cinayətlərdə ittiham olunan bir rus əsgəri ilk məhkəmə prosesində Kiyev məhkəməsi qarşısında günahını etiraf edib. Əsgər 62 yaşlı silahsız mülki vətəndaşı öldürməkdə ittiham olunur.

Rusiya Müdafiə Nazirliyi ötən gün strateji liman şəhəri olan Mariupolda bir qrup ukraynalı döyüşçünün danışıqlar yolu ilə təslim olmasından sonra Azovstal polad zavodunu tərk etdiyini bildirib. "The Washington Post” məlumatı dərhal təsdiq edə bilməyib. Ukrayna Rusiyanın nəzarətində olan ərazilərə aparılan döyüşçülərin Ukraynadakı rus məhbuslar qarşılığında azad edilməsini istəyir, lakin bəzi yüksək vəzifəli Rusiya rəsmiləri belə bir mübadiləni dəstəkləməyəcəklərini bildirirlər.
ABŞ-ın Kiyevdəki səfirliyi isə Rusiyanın fevralın 24-də işğalı ərəfəsində bağlandıqdan üç ay sonra yenidən açıldı.

Finlandiya və İsveçin NATO-ya qoşulması alyansın bütün qüvvələrini uzaq şimala gətirəcək və Baltik dənizi regionunda mövcudluğunu gücləndirəcək. O, Rusiya sərhədi yaxınlığında fəaliyyət göstərən dərin təcrübəyə malik iki mükəmməl ordu qazanır. Rusiya ordusunun yerləşdiyi Kalininqraddan cəmi 322 km məsafədə yerləşən strateji əhəmiyyətli Qotland adası da İsveçin nəzarətindədir. 

Finlandiya və İsveç indiyə qədər özlərini neytral hesab etmirdilər. Hərbi baxımdan onlar NATO-nun yaxın tərəfdaşları olublar. Siyasi baxımdan onlar Avropa Birliyinin üzvüdürlər.

Lakin özlərini hərbi cəhətdən neytral kimi düşünmək onların özünü dərketmə konsepsiyasının vacib hissəsi olub. Rusiyanın Ukraynaya təcavüzündən əvvəl hər iki ölkədə insanların əksəriyyəti NATO-dan kənarda olmağın daha təhlükəsiz olduğunu deyirdi. Ancaq son aylar ictimai rəydə dramatik bir dəyişiklik baş verdi.
"Fevral ayında hansı reallıqda olduğumuzu nəzərə alsaq, bu, qeyri-adi prosesdir. Rusiya vaxtı geri qaytarmaq, Soyuq müharibəyə qayıtmaq, Qərbi
parçalamaq və zəiflətmək istəyirdi. İndi, may ayında biz burdayıq",- Atlantik Şurasının analitik mərkəzinin Şimali Avropa üzrə direktoru Anna Vizlander deyir.
Ərdoğan çərşənbə günü genişlənməni təsdiqləmək üçün qapını açıq saxlayıb, lakin o, narahatlıqlarının NATO, İsveç və Finlandiya tərəfindən həll edilməsini istədiyini deyib.

"Biz alyansın fəaliyyətinə ən çox dəstək verən ölkələrdən biriyik, lakin bu o demək deyil ki, qarşımıza çıxan hər bir təklifə şübhəsiz "hə” deyəcəyik. NATO-nun genişlənməsi bizim həssaslığımıza hörmət edildiyi dərəcədə məna kəsb edir”,- o, Ankarada siyasi partiyasının üzvlərinə deyib.
Onun sözlərinə görə, Türkiyə İsveçdən "30 terrorçunun” təhvil verilməsini istəyib. O, 30 terrorçu deyərkən Amerika və Türkiyənin terrorist təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə Partiyasının üzvlərini nəzərdə tutur. 

Ərdoğan deyib:
 
"Onlar dedilər ki, biz onları verməyəcəyik. Siz terrorçuları bizə təhvil verməyəcəksiniz, amma qalxıb bizdən NATO-ya üzv olmağı tələb edəcəksiniz. NATO təhlükəsizlik quruluşudur, təhlükəsizlik təşkilatıdır, ona görə də biz bu təhlükəsizlik təşkilatını təhlükəsizlikdən məhrum etməyə "hə” deyə bilmərik”. 

Türkiyənin etirazı çərşənbə günü Kapitoliya təpəsində bəzi narahatlıq doğurub. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez kəskin tənqidi fikirlər səsləndirərək, bu addımın Rusiyadan zenit sistemlərini alması və Ukraynanın işğalından sonra bəzi Qərb sanksiyalarına qoşulmaqdan imtina etməsindən sonra Türkiyənin ABŞ-ın müttəfiqi kimi etibarlılığına dair narahatlıqları artırdığını deyib.

Menendez qeyd edib ki, manevr Türkiyənin onlarla yeni F-16 döyüş təyyarəsi almağa çalışdığı bir vaxtda baş verir ki, bu satış Bayden administrasiyası və Konqresin təsdiqini tələb edir. "Ümid edirəm ki, administrasiya F-16-ların verilməsini götür-qoy edərkən bunu nəzərə alar. Siz Ərdoğana deməlisiniz ki, əgər bir şeyi əldə etmək istəyirsənsə, onda başqa cür hərəkət etməlisən”.

Senatın NATO Müşahidə Qrupunun həmsədri, senator Tom Tillis deyib ki, zənnimcə, bu, son nəticədə öz həllini tapacaq. O qeyd edib ki, Birləşmiş Ştatların Türkiyəni əməkdaşlığına məcbur etmək üçün "istənilən sayda rıçaqları” var, sadəcə, mən "vəziyyəti bu nöqtəyə çatdırmaq istəmirəm”.

Ağ Ev müxbirləri Baydendən soruşublar ki, o Ərdoğanı etirazlarından əl çəkməyə inandıra biləcəyini düşünürmü? Bayden isə cavabında "Mən Türkiyəyə getməyəcəyəm, ancaq düşünürəm ki, hər şey yaxşı olacaq”,- deyib.

Alyansın digər üzvləri çərşənbə axşamı təklifi dəstəklədiklərini bildiriblər. Böyük Britaniyanın Baş naziri Boris Conson bunu "müttəfiqimiz və dünya üçün tarixi gün” adlandırıb.

"Bir müddət əvvəl heç kim bu addımı proqnozlaşdıra bilməzdi, lakin Putinin qorxunc ambisiyaları qitəmizin geosiyasi konturlarını dəyişdirdi”, - o, Twitter-də yazıb.
Putin Ukraynaya səbəbsiz müdaxiləsinin əsasları arasında NATO-nun genişlənməsi təhlükəsini göstərmişdi. Bazar ertəsi o, Finlandiya və İsveçin NATO-ya daxil olmasının Rusiya üçün bir başa təhlükə yaratmadığını desə də, hər iki ölkədə hərbi böyümənin bu qiymətləndirməni dəyişə biləcəyi barədə xəbərdarlıq edib.
"Rusiyanın Finlandiya və İsveçlə heç bir problemi yoxdur və bu mənada bu ölkələrin hesabına genişlənmə bizim üçün dərhal təhlükə yaratmır. Ancaq o ərazidə hərbi infrastrukturun genişləndirilməsi, şübhəsiz ki, bizim cavabımızı şərtləndirəcək. Cavabın nə olacağına bizim üçün yaradılacaq təhlükələrə əsaslanaraq baxacağıq. Ona uyğun da cavab verəcəyik”,- o, bazar ertəsi televiziya ilə çıxışında deyib. 

Həftəsonu telefon danışığında Putin Finlandiyanın prezidenti Niinistoya NATO-ya üzv olmaq qərarının "səhv” olduğunu və bunun Rusiya-Finlandiya əlaqələrinə "mənfi təsir” göstərə biləcəyini deyib, lakin hər hansı konkret təhdid etməyib. 

NATO və Avropa rəsmiləri böyük ölçüdə Rusiyanın ciddi aqressiya riskini gözləmirlər.

Ölkənin hərbçiləri Ukraynada ağır döyüşlərə cəlb olunub, əsgər və texnikasını itirib. Rusiya həmçinin Ukraynada döyüşmək üçün Finlandiya ilə sərhəddən qoşunlarını geri çəkməklə Moskvanın sərhədi hərbi yolla hədəfə almaq imkanlarını azaldıb.

Skandinaviya ölkələrinin NATO-ya daxil olmasına geniş dəstəyi nəzərə alsaq, Rusiya üçün onların əhalisinə təsir etmək çətin olacaq.

"Müdaxilə etmək üçün heç bir yer, insanları fikirlərini dəyişməyə məcbur etmək üçün heç bir əsas yoxdur. Bu, bizim Rusiyaya qarşı demokratik müqavimətimizdir”,- Xarici siyasət eksperti və Finlandiyada sağ mərkəzçi Milli Koalisiya Partiyasının müşaviri Henri Vanhanen deyir. 

"Hazırda Finlandiya və İsveçin NATO-ya üzv olmasını dayandırmağa çalışmaq Rusiyanın əli çata biləcəyi şey deyil. Bununla barışmaq lazımdır”, - o əlavə edib.
 
 
Nurlan Hüseynov