Vüsal Bağırlı
Ölkə 15:05 29.01.2021

Qəribə adlar və turnik məşqi

Vüsal Bağırlı

İşimlə əlaqədar, müxtəlif bölgələrdən gəlmiş insanlarla tez-tez təmasda oluram. Üzbəüz oturmuş bir nəfərin sənədlərinin qaydasında olub-olmadığını gözdən keçirirdim. Şəxsiyyat vəsiqəsindəki ad, soyad diqqətimi cəlb etdi: Həsənov CƏLLAD.

Tərəfmüqabilim üzümdəki qeyri-ixtiyari təəccübü sezib əlüstü əlavə etdi:

- Məllim görürsən də mənə nə ad qoyublar? Orada yazılana fikir verməyin,  adicə addır də. Vallah pis adam deyiləm. Xaraktercə o adın gətirdiyi mənaya uyğun gəlməyən insanam. O, adı babam verib mənə. Kişi indi işıqlı dünyada yoxdur. İndi kişiyə bilmirəm nə deyim, rəhmət oxuyum, ya başqa şey. Vallah yaxşı insanam, ürəyim də elə yumşaqdır, pilə kimi. Yanımda toyuq kəsirlər, baxa bilmirəm, ürəyim gedir. "Ögey ana”, "Fəryad” filminə baxanda ağlayıram.
İnsan danışır, izah edir, utanır, üzr istəyir, mənimsə yadıma universitet illəri düşür. Birinci kursda, elə birinci dərs, girdiyimiz ilk auditoriyadaca, müəllim qarşısındakı jurnalı şəstlə açdı və adları sıra ilə oxumağa başladı. Hərə öz adını eşitdikdə, "burdayam” yaxud, "mən” deyə cavab verirdi.

Siyahıdakı adlar bir-bir oxunurdu. Birdən, müəllimin birinci kurs tələbələrinə zəhmli və kəskin görünən qalın səsi zalı titrətdi: "Cəfərov Partizan”.

Zaldan səs çıxmadı. Ad bir də təkrarlandı. Ara-sıra eşidilən pıqqıltı fonunda hamı bir-birinin üzünə baxır, çiyinlərini çəkirdi. Hamını, "düşmən” arxasındakı mahir "partizanın” srili və naməlum kimliyi maraqlandırırdı.

Nəhayət, mübhəm və sirillahı onuncu dəfə çağırıldıqda, uzun, qara telləri alnına səpələnmiş, üzü sızanaqlı, arıq, hündür oğlan çəkinə-çəkinə ayağa qalxdı.

- Partizan mənəm, - söylədi – Amma, orada səhv yazılıb, əsl adım Elşəndir. Evdə hamı məni Elşən deyə çağırır.

Övladlarınıza elə ad seçin, böyüyəndə onlar buna görə xəcalət çəkməsinlər. Kimdənsə üzr istəmə,  kiməsə izah etmə məcburiyyətində qalmasınlar.

***

Hər gün olmasa da günaşırı qonşu binaların həyətindəki kiçik meydançaya gedirəm. Həyətdə quraşdırılmış turnik və paralel qollarda dartınmaqla başımı qatıram. Oradakı məşğuliyyət istər-istəməz adamı gümrah edir. Əhvalı yüksəldir.

İlk gün orada nə etdiyimi yaxşı xatırlayıram. Əllərimi geniş açıb tərəddüdlə, artıq tündləşən axşam səması fonunda qaralan turnikə tərəf tullandım. Hava qaranlıq, dəmir məhəccər xeyli hündür idi deyə əllərim boşa çıxdı. İlk cəhdim iflasa uğradı. "Besedka”da oturmuş gənc oğlan və qızlar gülüşdülər. Pərtliyimə üstün gəlmək üçün azacıq gözlədim və yenə tullandım. Bu zaman ayağım azacıq büdrədi və havadaca artıq yenə uğursuzluğa düçar olduğumu düşündüyüm an ovuclarım toxunuşa instinktiv olaraq yumuldu və barmaqlarım buz dəmirdən yapışdı. Dartınmağa başladım. Güc-bəla ilə dördü vurdum. Hər halda birinci dəfə üçün pis deyildi. Sonra yan tərəfdəki paralel qollara yanaşdım. Burada dartınmaq xeyli asan alındı və rahat şəkildə 15 hərəkət etdim.

Beləliklə, artıq bir aya yaxındır müntəzəm məşğul oluram, məşq edirəm. Dartınma nəticələrimi də xeyli yaxşılaşdırmışam. Hərəkətlərin onurğa sütunu, qamət, əzələ- sisteminə müsbət təsir etdiyini günü-gündən daha çox hiss edirəm.

Şəxsi fikrimdir, sağlam bədənə, gümrah əhval-ruhiyyəyə sahib olmaq üçün trenajor zallarına filana ehtiyac yoxdur. Adicə turnik hər şeyi əvəz edir.