İdman 14:24 01.03.2023

Qəzada ölən ulduzun arvadına 29 milyon dollar təzminat ödəniləcək

Los-Anceles bələdiyyəsi üç il əvvəl helikopter qəzasında faciəvi şəkildə həlak olan NBA ulduzu Kobe Brayantın həyat yoldaşına 29 milyon dollar təzminat ödəməyə razılaşıb.

Qayanrinfo-nun məlumatına görə, Los-Anceles bələdiyyəsinin vəkilləri basketbolçunun həyat yoldaşı Vanessa Brayantın qaldırdığı iddianın "ədalətli və ağlabatan" olduğunu şərh ediblər. Brayantın vəkilləri onun əri, qızı və mərhum ailəsinə cəmiyyətdə edilən hörmətsizliyə qarşı mübarizə apardıqlarını deyiblər.

Hadisə ilə bağlı danışan Los-Ancelesin baş prokuroru Mira Haşmal bildirib ki, qəza ilə bağlı bütün işlər həll olunub. Onun sözlərinə görə, 29 milyon dollarlıq hesablaşmaya həmçinin 2022-ci ilin avqustunda federal münsiflər heyəti tərəfindən Los Anceles şəhərinə qarşı məxfiliyin pozulması iddiası irəli sürən Vanessa Brayanta verilən 16 milyon dollar da daxildir. Kaliforniya ştatı hadisəyə ilk müdaxilə edənlərə Brayantın düşdüyü qəzadan sonra qəza və ya cinayət yerində ölən insanların şəkillərini çəkməyi yasaqlayan qanun qəbul edib.

Qəzada Brayant və qızının ölümünə səbəb olan "Sikorsky S-76B" helikopteri Kalabasas şəhəri yaxınlığındakı təpəyə çırpılmışdı.
 


Səbuhi Həsənov