Dünya 10:33 09.10.2022

Qırğızıstan KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqladı

Qırğızıstanın Müdafiə Nazirliyi "Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv etmək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə oktyabrın 9-da "Sputnik-Qırğızıstan” idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu təlimlər oktyabrın 10-dan 14-dək respublika ərazisində (Edelveys poliqonunda) keçirilməli idi. Ləğv edilmə səbəbləri açıqlanmayıb. Onlar sülhməramlı əməliyyat keçirməyi və atəşkəsi təmin etməyi məşq etməli idilər.

Təlimlərə 6,5 mindən çox insan, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən aviasiya, helikopter və PUA-lar cəlb olunub.

Tədbirə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri qoşulub, Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan da müşahidəçilər dəvət olunub.

2012-ci ildən birgə təlimlər çərçivəsində KTMT-nin sülhməramlı qüvvələri ilə "Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.

Alpər