Siyasət 14:51 08.08.2022

“Qisas” əməliyyatı bütün dünyaya mesaj oldu - Ekspert

"Ermənistana tabe ola silahlı dəstələr Qarabağ tərk etməlidir. Ermənilərə son şans verilib. Bunu dəyərləndirsələr, onlar üçün faydalı olacaq, dəyərləndirməsələr, bəli hərbi əməliyyatlar davam edəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli "Qisas” əməliyyatının növbəti mərhələsinin baş tutması ehtimallarından danışarkən deyib. Ekspertin sözlərinə görə, əməliyyatlar o vaxt dayanacaq ki, bölgədə tam təhlükəsizlik təmin edilsin:

"Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və bundan sonra da olmayacaq. Azərbaycan şəhidlərinin, qazilərinin, Ali Baş Komandanın, ordusunun, xalqının sayəsində böyük üstünlük əldə edib. Bu üstünlük dipomatik masada da qorunur və Azərbaycanın milli maraqları təmin edilir, bunun başqa yolu yoxdur. Ermənistanda da bir qrup artıq bunu başa düşüb. Bütünlüklə başa düşsələr və ağıllarını başlarına yığsalar, onlar üçün yaxşı olacaq”. 
 

Hərbi ekspertin fikirincə, əks təqdirdə Ermənistanın vəziyyəti indikindən də ağır olacaq:

"Necə ki, indi 2016-2017 il ilə müqayisədə çox ağırdır, ordusu yox, iqtisadiyyatı dağılıb. Kreditlə aldığı silahlar hamısı darmadağın olunub, "Zəfər” parkında nümayiş edilir. Ermənistan da bundan nəticə çıxartmalıdır. Çıxartmasa, Azərbaycan daha ağır zərbələr endirəcək, dəmir yumruq daha ağır formada onların başına dəyəcək”. 

Emin Həsənli deyir ki, "Qisas” əməliyyatı bütün dünyaya, Ermənistana, bu işə vasitəçilik edənlərə, xüsusən də Rusiyaya və orada yaşayan əhaliyə mesaj oldu:

"Bunun bir yolu var, Azərbaycan qanunlarını, Konstitutsiyasını qəbul edib, orada yaşamaq, vəssalam. Mülki əhali zamanında Azərbaycan vətəndaşı olub, sonradan gələnlər yox. Onların qeydiyyatı həm Azərbaycan dövlətində var, həm də SSRİ-in varisi olan Rusiyada. Azərbaycan ərazisində qanunsuz miqrasiya ola bilməz və cinayət törətməyən şəxslər yaşaya bilər”. 

Bahar Rüstəmli