Ölkə 11:41 09.12.2022

Qurban Məsimov Kukla Teatrına direktor gətirilir?

Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub. 

Teatrdakı mənbədən Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir.

Məlumatda deyilir ki, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib.

O özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.

Sayt mövzuyla bağlı Qurban Məsimovla əlaqə saxlayıb. O bildirib ki, dekabrın 8-nə kimi Tovuz rayonunda ezamiyyətdə olacaq və direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib.

Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını açıqlayıb.