Video 14:13 07.11.2022

Qusarda Azərbaycan badmintonu üçün istedadlar yetişir (REPORTAJ)

Badminton Azərbaycanda yeni-yeni sevilməyə başlayan və sürətlə yayılmağa başlayan idman növlərindədir. Sevindirici haldır ki, badmintonla artıq bölgələrdə də məşğul olanlar var, əyalətlərdə yaşayan uşaqlar idmanın bu növünə böyük maraq göstərirlər. Qusar da həmin bölgələrdən biridir. Qusar Olimpiya İdman Kompleksində fəaliyyət göstərən bamdinton bölməsində 30-a yaxın azyaşlı bu idman növünün sirlərini istedadı mütəxəssis Vahid Quliyevdən öyrənir. Maraqlıdır ki, Qusardakı badminton məşqlərinə gələnlərin çoxusu qızlardır. Aralarında eyni ailədən olan bacılar da var. Biz də onların necə məşq etmələrini öz gözlərimizlə görmək üçün üz tutduq Qusar Olimpiya İdman Kompleksinə. Orda həm balaca idmançılar və onların valideynləri ilə, həm də peşəkar mütəxəssis Vahid Quliyevlə söhbətləşdik. Yazının davamını oxuduqca siz də həmin maraqlı söhbətlə tanış olacaqsınız.

- Vahid müəllim, əvvəlcə Qusardakı məşqlərdən danışaq. Burdakı qruplarda neçə uşaq badmintonla məşğul olur? Bölgədə belə məşqlərin keçirilməsi kimin təşəbbüsü oldu?

- Əvvəlcə sizi burda salamlamaqdan məmnun olduğumu bildirim. Çox sağolun ki, bizim məşqlərlə maraqlanırsınız. Hiss edirik ki, biz tək deyilik. Bizim məşqlərimizdə 26 uşaq iştirak edir. Bu sayı artırmaq da mümkündür, inanıram ki, yaxında belə də olacaq. Təşəbbüs Badminton Federasiyasından gəldi. Mənim özüm də bölgədə çalışmaq istəyirdim. Bu baxımdan fikirlərimiz üst-üstə düşdü deyə bilərik. Badmintonu çox sevirəm. Məndən soruşdular ki, bölgədə gedib işləyə bilərsiz? Həvəslə razılıq verdim. Həyatımın çox hissəsini badmintona həsr etmişəm. Özüm də uşaqlıqdan badmintonla məşğul olmuşam. Badmintonun hər üç növü üzrə dəfələrlə Respublika birincisi olmuşam, idman ustalığına namizədəm. Yaşla əlaqədar karyeramı sonlandırdım, amma bu sahədən uzaqlaşa bilməzdim. Ona görə də məşqçiliyə başladım. Düşünürəm ki, məşqçi kimi də uğurlu olmuşam. Əvvəlcə Bakıda çalışırdım, iki ildir ki, Qusardayam. 2015-ci ildən bəri neçə-neçə respublika çempionu yetişdirmişəm. Bütün yaş qruplarında yetirmələrim uğur qazanıb. Bakıda bunu etdim, bəhrəsini gördüm. Düşündüm ki, özümü bölgədə də sınayım. Bizdə əsasən Bakı və Gəncə şəhərlərində badminton inkişaf edib. Streotipləri dağıtmağa qərar verdim. Çox istəyirəm ki, bölgədə də yaxşı idmançılar yetişsin. Hər bir idman növündə nəticə qazanmaq üçün vaxta ehtiyac var. Ötən il Qusarda Azərbaycan birinciliyi keçirildi. Yetirməmiz Həbibə Quliyeva miks yarışında 3-cü yerə çıxdı. Belə demək mümkünsə, Qusara ilk dəfə medal gəldi. Elə həmin idmançımız qoşa yarışlarda birinci oldu. Federasiya rəhbərliyi də buna baxdı, işimizə yüksək qiymət verdi. İstəyirəm ki, işimizin davamını gətirək. Mənə dəstək verilsin, mən də burda işimi davam etdirim. Mən məşqçiliyin sirlərini başqalarına da öyrətməyə hazıram. Burda badmintona yeni məşqçilər cəlb etməyə çalışıram. İdman məktəblərindəki müəllimlərə kömək edib, onları da püxtələşdirim ki, onlar da öz məktəblərində yeni qruplar yaratsınlar. 



- Məşqlərinizi həftədə neçə dəfə keçirsiniz?

- Heç kimdən şikayət etmək istəmirəm. Tanınmış məşqçilərimizdən də soruşa bilərsiz. İnanıram ki, onlar da mənim fikrimlə razı olacaqlar. Peşəkar idmançını yetişdirmək istəyiriksə, hər gün məşq etməliyik. Hətta bazar günləri də mən hazıram. Dəfələrlə də belə etmişəm, vaxtı olan uşaqlar gəlib, məşq etmişik. Çünki işimi sevirəm. İndiki şəraitdə həftədə üç dəfə məşq keçirəm. Hər gün, hətta gündə iki dəfə məşq etmək lazımdır. Federasiyanın da dəstəyinə bel bağlayıram. Gün ərzində bizə 1,5 saat məşq üçün vaxt verilir. Amma bu da azdır. Uşaqların bəziləri birinci növbədə oxuyur, bəzirləri isə ikinci növbədə. Ona görə də məcbur qalıram bəzən üç saata yaxın məşq keçirəm ki, heç kim məşqsiz geri qayıtmasın.

- Vahid müəllim, badminton Azərbaycan üçün bir qədər də yeni idman növü sayılır. İnsanlar bu idman növündən az məlumatlıdırlar. Bir mütəxəssis kimi siz deyərdiz. Badminton uşaqların sağlam inkişafı üçün hansı rolu oynayır?

- Heç şübhəsiz ki, badmintonun bu mənada böyük rolu var. Əvəlla, idmanla məşğul olan uşaqlar sağlam böyüyür, pis vərdişlərdən uzaq olurlar. Xüsusən də narkomaniya adlanan bəladan. Badmintonda mənfi heç nə yoxdur. Bəzi idman növlərində təmas var, bəzən uşaqlar zədə alırlar. Badmintonda isə zədə riski sıfıra yaxındır. Gözlərində çəplik olan uşaqlara badminton çox faydalıdır. Volanı (badminton topunu) daim nəzarətdə saxlayan uşağın gözləri düzgün inkişaf edir, obrazlı desəm, göz yerinə oturur. Cəldlik yaranır. Həm gözlərdə, həm də bədəndə. Volanın sürəti 493 kilometr saata çatır. İdmançının gözü də onu təqib edir. Hərəkətlilik yaranır, nəfəs inkişaf edir. Uşaqlar təngnəfəs olmurlar. Həkimlər də badmintonla məşğul olmağı tövsiyyə edirlər. Qolların, ayaqların hərəkətləri də uşağın inkişafına fayda verir. Bir sözlə, badminton əsl sağlam idman növüdür.



- Uşaqların səviyyəsi, məşqlərə yanaşması necədir? Sizi qane edirmi?

- Əlbəttə qane edir. Onlar məşqlərə həvəslə gəlirlər. Mən də çalışıram onları qane edim. Çox istərdim ki, xırda problemlər həllini tapsın. Bəlkə də valideynlər də sizə dedi. Zalımız böyükdür, istilik sistemi zalın isidilməsi üçün tam yetərli deyil. Şaxtalı havada uşaqla məcbur olur əlcəklə məşq edirlər. Xırdalıqlar çoxdu, badminton özlüyündə bir aləmdir. 

- Bəzən valideynlər düşünürlər ki, onların övladları idmana yönəlsə, təhsildən uzaq düşəcəklər. Sizin bu barədə fikriniz necədir?

- Həm razılaşa bilərəm, həm də yox. Razılaşmıram o baxımdan ki, sovet vaxtı həm idman inkişaf edirdi, həm də uşaqlar təhsil alırdı. Dərslər birinci növbədə bitirdi, dərsimizi hazırlamağa və məşqə çatmağa vaxt olurdu. Asudə vaxtımız da qalırdı. İndi dərslər ikinövbəlidi. Ona görə də uşağın istirahət etmək, idmanla məşğul olmaq haqqını əlindən alırıq. İkinci növbədə oxuyan uşaq hara çatdıracaq? Dərs saat 1-də başlayır, 6-da bitir. Hələ əlavə hazırlıqlar da var. Mən bir ildən çoxdu bu uşaqlarla məşq edirəm. Onlar ikinci növbəyə keçəndə mən onları itirməliyəm? Demişəm ki, ikinci növbədə oxuyanlar səhərlər məşqə gəlsinlər. Onlarla da məşğul oluram. Bu baxımdan valideynlərin narahatlığını da başa düşürəm.

- Son sualım Azərbaycanda badmintonun perespektivləri ilə bağlıdır. Bu idman növünün gələcəyini bizdə necə görürsünüz?
- Hal-hazırda Azərbaycan Badminton Federasiyası bu idman növünün inkişafı üçün böyük işlər görür, irimiqyaslı layihələr həyata keçirilir. Federasiyanın prezidenti Taleh Ziyadov başda olmaqla hər kəs inkişaf üçün çalışır. Ziyadovun özünün də badmintonçu olması məni çox sevindirdi. Bir işin başında olan adam o işdən xəbərdardırsa, mütəxəssisləri də, idmançıları da yaxşı anlayacaq. Biz ona nəsə deyəndə, nə istədiyimizi biləcək. Çünki bu sahənin adamıdır. Onun dəstəyinə, köməyinə inanıram. Biz mütəxəssislər də onun ətrafında bir yumruq kimi birləşməli, inkişaf üçün çalışmalıyıq. Taleh müəllimlə gənc yaşlarımızda bir yerdə məşq etmişik. Yaşımız eyni olduğu üçün rəqib də olmuşuq, finallarda da qarşılaşmışıq. Bizi qoşa yarışlarda üstələyən isə olmayıb. Badmintonla məşğul olan şəxs sözsüz ki, öz sevgisini bu işdən əsirgəməyəcək. Hər halda müəyyən müddətdən sonra özümüz də özümüzə hesabat verəcəyik, onda işimizin də nəticəsi görünəcək. Nəticələr yaxşı olduqca biz də daha da ruhlanacağıq. Amma bir şeyi unutmayaq ki, bura bölgədi. Bölgələrə diqqət artırılmalıdır, buralarda da yarışlar keçirilməlidir. Siyəzəndə və Lənkəranda da badminton bölmələri var. Qoy onlar bura gəlsinlər, biz ora gedək. Kütləvilik artdıqca yarışlara maraq artacaq, ordan badmintona yeni uşaqlar cəlb olunacaq. Bu idman növünü də paytaxtdan çıxarıb, bölgələrə yaymaq lazımdır.
 


Vahid Quliyevlə söhbətimizi bitirib üz tuturuq onun azyaşlı yetirmələrinə və valideynlərə. Onlarla danışdıqca hiss edirsən ki, badmintona necə böyük maraq göstərir, məşqlərə həvəslə gəlirlər. İçimizdə bir əminlik yaranır ki, gələcəkdə Azərbaycanı beynəlxalq miqyaslı yarışlarda uğurla təmsil edəcək istedadlı idmançılar məhz bu zalda məşq edənlərin arasından çıxacaq.

Milana Ramazanova: "Mənim bacılarım badminton məşqlərinə gəlirdilər. Onlara qoşulmağımı təklif etdilər, mən də razılaşdım. Badmintonla məşğul olmaq mənim çox xoşuma gəlir. Məşqçimiz də bizə diqqətlə yanaşır, hər bir xırda detalı izah edir, bizi həvəsləndirir. Badmintonla məşğul olmağımın dərslərimə heç bir maneəsi olmur. Hələlik qarşıma böyük məqsədlər qoymamışam, ona görə də bu sahədə kumirim yoxdu. Yaxşı oynamağı bacarandan sonra hədəflər barədə düşünə bilərəm. İndilik isə ancaq daha yaxşı məşq etməyə, öyrənməyə çalışıram. Məşqlər ürəyimcədi, sadəcə, məşq etdiyimiz zalın döşəməsi bir az sürüşkəndir (gülür)”.

Həbibə Quliyeva: "4-cü sinif şagirdiyəm. Atamın sayəsində məndə badmintona maraq oyandı. Bilirdim ki, atam mənim həmyaşıdlarıma badmintonun sirlərini öyrədir. Ona görə məndə də məşqlərə həvəs yarandı. Volanı sürətlə vurmaqdan çox xoşum gəlir. Dərslərimi də yaxşı oxuyuram, evə gələn kimi tapşırıqlarımı edirəm. Ondan sonra məşqə gəlirəm. Badmintonla məşğul olmağımın dərslərimə heç bir çətinliyi yoxdur”.

Əsma Məmmədova: "Az əvvəl söhbətləşdiyiniz Həbibə Quliyeva bizim qonşumuzdu. Onlara qoşulub məşqə gəldim. Çox sevinirəm ki, badmintonla məşğul oluram. Gələcəkdə məşhur idmançı olmaq istəyirəm. Arzum odu ki, Azərbaycanı uğurla təmsil edib, bayrağımızı yüksəklərə qaldırım”.



İlyas Murtuzayev: "Badmintonla məşğul olmağa əmimqızının məsləhətindən sonra başladım. Artıq bir aydan çoxdu ki, məşqlərə qatılmışam. Hiss edirəm ki, hər məşqdən sonra daha yaxşı oynayıram. Məşq etdiyimiz zal da xoşuma gəlir, məşqçimiz Vahid müəllimdən də çox razıyam. Hələ ki, öyrənirik. Gələcəkdə hansı uğurlar qazanacağımı indidən deyə bilmərəm, öyrəndikcə hədəflərimi də müəyyənləşdirəcəyəm”.

Səməndər Rüstəmov: "Oğlum Amid burda məşqlərə gəlir. Özüm də ona qoşulub badminton oynayıram, məşq edirəm. İdmanla məşğul olmaq azyaşlılar üçün çox vacibdir. Onlar sağlam böyüməklə yanaşı öz enerjilərini faydalı istiqamətə xərcləyirlər. Amidin döyüş növlərinə, güləşə marağı yoxdur. Bu baxımdan badminton bizim üçün ideal idman növüdür. İnfrastrukturla bağlı xüsusi şikayətimiz yoxdur. Sadəcə, istlilik sisteminin daha yaxşı işləməsini, qışda idman zallarının lazımınca qızdırılmasını arzulayırıq. Bilirsiz, Qusar şimal rayonudu, burda hava çox soyuq olur. Biz bura Moskvadan köçmüşük. Orda oğlum gimnastika ilə məşğul olurdu. Bura gəldikdən sonra badmintona üstünlük verdik. Hər bir idman növündə perespektiv idmançının özündən və onun şəraitindən asılıdır. Birinci özün məşqlərə can yandırmalısan, sonra da yaxşı şərait olmalıdı. Qafqaz öz idmançıları ilə öyünüb. Ümid edirəm ki, burada məşq edən uşaqlar da Azərbaycan idmanını uğurla təmsil edəcəklər”.

Amal Abuşov, Bakı-Qusar-Bakı

Yazı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin Azərbaycan Badminton Federasiyası ilə birlikdə təşkil etdiyi yazı müsabiqəsinə təqdim olunur.