Ekonomiks 17:17 31.03.2023

Rasional fərd üzərində qurulan liberal iqtisadiyyat - Azad sahibkarlıq

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Bazar iqtisadiyyatı – azad sahibkarlıq Orta əsrlərin sonu ilə Sənaye inqilabı arasındakı dövrdə Fransada kənd təsərrüfatı, daha sonra isə İngiltərədə sənaye sahəsində qurulub. Fransız İnqilabı ilə liberalizmin bir ideologiya kimi həyata keçməsi ilə bazar iqtisadiyyatının inkişafında sürətli iqtisadi irəliləyiş oldu. 

Liberalizm "azad rəqabət” ideyasına əsaslanır və hər bir iqtisadi model kimi, müəyyən fəlsəfi və əxlaqi müddəalarla formalaşıb. Lokk, Hum, Monteskeyu, Adam Ferqyuson, Adam Smit, C.Stüart Mill, Bentam, Spenser, İsiya Berlin, Konstant və Hayek kimi mütəfəkkirlərin baxışları ilə formalaşan bu sistemin müəyyən mövcudluq şərtləri var. Azadlıq və azad fərd təməlində xüsusi mülkiyyət, vərəsəlik, azad sahibkarlıq, peşə və iş yeri seçmək azadlığı, müqavilə bağlamaq azadlığı, təsisat və şəriklik yaratma azadlığı, rəqabət azadlığı, iqtisadi motiv və qiymət mexanizmi kimi şərtlər ictimai-siyasi münasibətlərin qarşılıqlı təsiri ilə birlikdə azad bazar iqtisadiyyatı sisteminin infrastrukturunu formalaşdırır. İqtisadi liberalizmin dünyagörüşü əsasən "azad rəqabət” ideyasına əsaslanır. Azad rəqabət ideyası həm də "dövlətin iqtisadiyyata qarışmaması” anlayışını özü ilə gətirir. Bir sözlə, liberal modelin siyasi fəlsəfi əsası "Təbii Qanun” fəlsəfəsi çərçivəsində formalaşır. 
Adam Smit və Fiziokratlar öz nəzəriyyələrində bu fəlsəfədən xüsusilə bəhrələnirdilər.
 
Təbii Qanun fəlsəfəsi əsasən öz maraqlarını güdən rasional fərd üzərində qurulur. İnsan yaradılışından etibarən eyni "insan təbiətinə” malikdir. Bərabərliklə yanaşı, insanlar eyni hüquq və azadlıqlara malik olmalıdırlar. İnsanın təbii hüquqlarından biri də öz zəhmətinin məhsulunu əldə etməkdir. Bu, xüsusi mülkiyyət hüququnu ifadə edir. Təbii istedadların inkişafı da ən mühüm hüquqlardandır. Bu, fərdi təşəbbüs hüququnu və azadlığını ortaya qoyur. Cəmiyyətlər isə bu fəlsəfə daxilində daxili qaydalara uyğun fəaliyyət göstərən təbii qaydalara malik nizamlı sistemlər kimi qiymətləndirilir. Bunlar həm də bazar iqtisadiyyatının əsas fərziyyələridir. Təbii ki, harmoniya həm də fərd-fərd və fərd-cəmiyyət maraqlarının üst-üstə düşməsini təmin edirdi. Müəyyən ictimai nizamı nəzərdə tutan bu iqtisadi model qanunların özünə uyğun təbiiliyini də yaradıb. Kazqanın fikrincə, "qanunların təbiiliyi belə qənaətə gəlirdi ki, bunlara (cəmiyyətin fəaliyyəti) heç bir müdaxilə edilməməsi, müdaxilənin faydasız olacağı nəticəsinə aparırdı. Çünki cəmiyyətin təbii qanunları ilə kortəbii olaraq optimal şərait yaratması mümkündür. 

Bəs bu gün Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üçün nə etmək olar və nələr artıq edilib?

Qaynarinfo məsələni İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ilə müzakirə edib.

Eyyub Kərimlinin sözlərinə görə, bu gün ölkədə sahibkarlığın inkişafı ilə bağlı dövlət tərəfindən böyük proqramlar həyata keçirilib ki, bu, həm sahibkarlar üçün güzəştli kreditlərin, vergi güzəştlərinin həyata keçirilməsi, həm də böyük məbləğdə müvafiq güzəştli kreditlərin təqdim edilməsi üçün şərait yaradıb.
 


Eyyub Kərimli qeyd edib ki, sahibkarlar üçün qanunvercilik və vergi bazasının təkmilləşdirilməsi və qanunvericilik islahatları da həyata keçirilib:

"Bu gün ölkənin maliyyə bank sistemində böyük inkişaf var və dövlət tərəfindən həm güzəştli subsidiyalar, həm güzəştli kreditlər sahibkarlara təqdim olunub”. 

Birlik sədri qeyd edib ki, buna baxmayaraq, ölkədə sahibkarlığın inkişafında müəyyən problemlər hələ də qalmaqdadır:

"Bunlardan biri ölkədə inhisarçılığın təsiridir ki, bəzən orta və kiçik sahibkarlığın fəaliyyətinə böyük maneə törədir. Həmçinin rəqabət imkanlarının məhdudlaşdırılması, Rəqabət Məcəlləsinin qəbul edilməməsi də bu problemlərdən biridir. Bu gün liberal iqtisadi münasibətlərdə əsas problemlərdən biri həm də monopoliyaların təsiridir ki, burada yerli sahibkarların və ya orta kiçik sahibkarların fəaliyətinə müəyyən problem yaradır. Həmçinin idxal-ixrac məsələlərində gömrükdə olan inzibati və suni yaradılan problemlər də sahibkarlığın fəaliyyətinə mənfi təsir edən amillərdən biridir”.

Eyyub Kərimli hesab edir ki, azad sahibkarlığın inkişafı üçün, həmdə liberal iqtisadi münasibətlərin daha da səmərəliləşdirilməsi, digər tərəfdən qanunvericilik bazasının, məhkəmə hüquq bazasının təkmilləşdirilməsi qanunların daha təkmil işləməsi və təsirinin artırılmasına böyük ehtiyac var:

"Həmçinin dövlət tərəfindən kiçik və orta sahibkarlığın inkişafına daha geniş şəraitin yaradılması və bu yöndə vergi güzəştlərinin tətbiq edilməsi, həmçinin bəzi icazələrin ləğv edilməsi və ya rüsumların azaldılması lazımdır”.
Eyyub Kərimli onu da əlavə edib ki,  bizdə bəzən sahibkarlara təqdim edilən cərimələrin də miqdarı çox böyük olur:

"Bu da sahibkarlığın fəaliyyətinə çox böyük maneə törədən amillərdən biridir. Hesab edirəm ki, həmin cərimələrin də azaldımasının sahibkarlığın inkişafına müsbət təsiri ola bilər”. 

Ekspert onu da qeyd edib ki, hazırki statistikaya nəzər yetirsək görərik ki, bizdə ilbəil qeydiyyatdan keçərək VÖEN alan sahibkarların sayı artmaqdadır və bu proses davam edir:

"Bu bizə onu deməyə əsas verir ki, bu gün insanlar daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Buna dövlət tərəfindən müvafiq instusional islahatlar keçirilərək müəyyən münbit şərait yaradılıb. Məsələn, vahid pəncərə sisteminə keçirilib ki, bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olanların fəaliyyətini daha da asanlaşdırır və optimallaşdırır”. 

Eyyub Kərimli onu da vurğulayıb ki, ümumilikdə sahibkarlığın özünə də müəyyən nəzarətə ehtiyac var:

"Belə ki, bəzən neqativ hallarla rastlaşırıq. Əmək müqavilələrinin qeydiyyata qoyulmaması, əmək müqavilələrinin az göstərilməsi halları da baş verir ki, bu da sözsüz ki, həm dövlət büdcəsindən vəsaitlərin yayınmasına səbəb olur, həm özəl sektorda çalışan işçilərin əmək hüquqlarını pozur ki, bu da tənzimlənməli olan məsələlərdən biridir”.
 
Günay İlqarıqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.