İdman 10:27 25.01.2023

Rauf Əliyev: “Allah eləməsin onunla nə vaxtsa üz-üzə gəlim, adama salam verərlər, ona yox...”

"Kəpəz”də baş məşqçi dəyişikliyindən sonra Tərlan Əhmədovun "qara siyahı”sına düşən futbolçulardan biri də Rauf Əliyev oldu. Təcrübəli hücumçu ilə yola getməyən mütəxəssis onu əvəzedici komandaya göndərdi. Buna rəğmən, əvəzedicilərin oyunlarında meydana çıxan Əliyev bir neçə gün öncə karyerası ilə bağlı qərar verdi. O da uşaqlıq dostu Əfran İsmayılovun ardından aktiv futbolçu karyerasına son qoydu.

Hücumçu Qaynarinfo-ya müsahibəsində verdiyi qərardan və gələcək planlarından danışdı:

- Karyeranla bağlı qərarını verdin. Bunun səbəbini öyrənmək maraqlı olardı…

- Karyeramı bitirəcəyimi düşünmürdüm. Fikrimi soruşmuşdular və oynamaq istədiyimi bildirmişdim. Yanvarda "Kəpəz”in ikinci komandası ilə məşqlərə başlayacaqdım. Ancaq dizimdə yaranmış xroniki zədə ilə bağlı problem yaşayıram. İynələrin hesabına oynayıram. Başlayandan bir-iki gün sonra məşqlərdə çox ağrılar hiss etdim. MRT-dən keçdim, məsləhət belə oldu ki, daha oynamayım. Çünki dizim çox pis vəziyyətdədir. Oynamaq üçün əməliyyat olunmalıyam, bu da uzun müddət davam edəcək. Əməliyyatdan bir il sonra qayıda bilərdim. Yenə də hansı vəziyyətdə qayıdacağımı bilmək olmazdı. Peşəkar şəkildə futbol oynamağım mümkün deyil. Hətta yeni təkliflərim də vardı. Sağ olsun "Şamaxı” dəvət etmişdi. Onlara bildirdim ki, oynayacaq vəziyyətdə deyiləm. Əlbəttə, zədəm olmasaydı, oynamağa gücüm, həvəsim vardı. Yaxın adamlar bilirdi ki, dizimlə bağlı problemlər var. "Səbail”də süni örtüklü meydançada oynayırdıq. Bu da dizimə çox pis təsir edirdi. 

- Xroniki zədə nə vaxt yaranmışdı?

- 2017-ci ildə "İnter”də oynayanda zədələnmişdim. Daha sonra əməliyyat olundum. Əməliyyatdan sonra 3 il normal vəziyyətdə idim. Pandemiya yarandı. 3-4 ay evdə qaldıq. Həmin vaxt, demək olar, heç bir şey edə bilmirdik. Dizim çox pis vəziyyətə düşdü. Daha sonra "Səbail”in heyətində Qəbələdə təlim-məşq toplanışı keçəndə ağır "yüklənmələr” oldu. Sümük sümüyü yeyirdi. İynələrin hesabına oynayırdım. 

- Karyeanla bağlı qərar vermək çətin, yoxsa asan oldu?

- Həqiqətən çətin qərar idi. Fərqli düşüncələrlə yanaşırlar. Elə adam var oynamaq istəmir. Amma mənim 34 yaşım olacaq. Gücün və istəyin varsa oynaya bilərsən. Mən də oynamaq istəyirdim. Amma qismət belə oldu. İndi futbol elə bir vəziyyətə gəlib ki, 33-34 yaşda "qoca” sayılmırsan. Futbolçuların əksəriyyəti 37 yaşına qədər rahat oynayır. 

- Azərbaycan səviyyəsində sözünü demiş futbolçusan, bir çox klublarda oynamısan. Hansısa arzuna çatmadığını düşünürsən?

- Karyeramdan razıyam. Azərbaycanın ən güclü klublarında, futbolumuzun yaxşı dönəmlərində oynamışam. Milli səviyyəsində çox yaxşı oyunlarımız olub. Yığmada 50-yə yaxın oyun keçirmişəm. Peşmanlığım yoxdur. Avropada qısa legioner həyatı yaşadım. Bəlkə daha da uğurlu ola bilərdim. Klubla bağlı problem yaşandı. Əslində onu da böyük problem saymıram.

- Başqa Avropa klublarında oynamaq şansın olub? Olubsa, niyə təklifdən imtina etmisən?

- Gənc vaxtlarda hansısa klubların mənimlə maraqlanması ilə bağlı söz-söhbətlər olurdu. Amma ciddi təklif almamışam.

- Gələcək planların necədir?

- Hər şey isti-istidir hələ ki. Başqa işimiz-gücümüz yoxdur, ona görə də futbolda qalmaq istəyirəm. Qismətdir, görək nə edə bilərəm. Futboldan tam qopmaq olmur.

- Özünü hansı mövqedə - məşqçi, klub idarəçisi, yaxud hansısa komandada direktor-filan olaraq görürsən?

- Çalışacağam kurslara qatılım. Hələ ki, məşqçilik kurlarına müraciət etməmişəm. Yəqin ki, bunu edəcəm. İsti-isti olduğu üçün başım qarışıb. Məşqçi kimi davam etmək istəyim var. 

- Futboldan başqa bir sahədə biznesin var?

- Futboldan başqa iş görə biləcəyimi düşünmürəm. Başqa sahədə bir-iki işimiz varsa da, yaxın ətrafımız onunla məşğul olur. Özüm isə futbola bağlı qalmaq istəyirəm. Çünki həvəsim, marağım ancaq bunadır.

- Karyeranı bitirdin. Kluba gələndən sonra yola getmədiyin Tərlan Əhmədovu nə vaxtsa görsən salam verəcəksən?

- Allah eləməsin onunla nə vaxtsa üz-üzə gəlim. Adama salam verərlər, ona yox (gülür). Haqqında danışmaq istəmirəm. Əvvəllər Tərlanla elə də problemim olmayıb. 

- Niyə yola getmədiniz? Sənə də hörmətsizlik etmişdi?

- Elə komandadan birinci məni uzaqlaşdırmışdı. Heç bir səbəb tapıd deyə bilmirdi. Onunla bağlı danışmaq istəmirəm. Səhər-səhər sualı verib məni dilxor edirsiniz (gülür). Müsahibə üzərindən ona nəsə deməyi düşünmürəm.

- Əfran bizə müsahibəsində institutda təhsil aldığını demişdi. Sən necə?

- Xeyr, təhsil almıram. Zamanım var, bəlkə də oxuyacağam (gülür). Heç vaxt heç nə gec deyil. Görək həyatımda nələr olacaq. Bu gün belə deyərəm, sabah başqa cür olar. Ona görə hər şeyi zamana buraxmaq lazımdır. 

Səbuhi Həsənov