Ölkə 13:44 15.06.2022

Rəsmi Kiyev: Severodonetskdə 500 dinc sakin ölümlə üz-üzədir

Ukraynanın Severodonetsk şəhəri uğrunda ağır döyüşlər davam edir. Kreml şəhərin müdafiəçilərinə təslim olmaları üçün vaxt verib. Mariupolun dağıdıcı mühasirəsinə rəhbərlik etmiş general-polkovnik Mixail Mizintsev bəyan edib ki, müdafiəçilər Moskva vaxtı ilə səhər saat 8-dən etibarən "mənasız müqaviməti dayandırmalı və silahı yerə qoymalıdırlar”.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, Rusiya Ukraynanın şərqindəki Severodonetsk şəhərində kimyəvi zavoda sığınan Ukrayna qüvvələrini məhv etmək fikrindədir.
 
Rəsmi Kiyev isə bildirir ki, Severodonetsk şəhərində 500-dən çox mülki şəxs Rusiyanın bombardmanı və hücumlarına müqavimət göstərən Azot kimya fabrikində mühasirəyə düşüb. Mühasirəyə düşənlər arasında əsgərlər də var.

Rusiya ordusu Luqansk və Donetsk üzərində tam nəzarəti ələ keçirmək niyyəti ilə hərbi səylərini davam etdirir. Luqansk qubernatoru Sergey Hayday çərşənbə axşamı Ukrayna televiziyasına bildirib ki, daha iki rus taktiki batalyon qrupları bölgəyə yeridilib. Severodonetsk uğrunda döyüş müharibənin ən qanlı səhifələrindən birinə çevrilir və Rusiyanın işğalçılıq siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Nurlan Hüseynov