Dünya 21:48 17.03.2023

RTL: Fransızların 71%-i hökumətin istefaya getməsini istəyir

Fransa hökumətinə etimadsızlıq və onun istefası fransızların 71%-i tərəfindən dəstəklənib. Fransızların 65%-i hesab edir ki, pensiya islahatlarına qarşı etirazlar davam etməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə RTL Toluna Harris Interactive-in sorğusuna istinadən məlumat yayıb.

Fransızların 82%-i Milli Assambleyada səsvermədən yan keçməklə pensiya islahatının qəbul edilməsinin pis qərar olduğunu düşünür. Hökumətin hərəkətlərini prezident Emmanuel Makronun partiyasının tərəfdarlarının 49%-i də dəstəkləmir.

Fransa hökuməti 2030-cu ilə qədər pensiya yaşını mərhələli şəkildə 62-dən 64-ə qaldırmağı planlaşdırır. Sosioloqların fikrincə, fransızların 67 faizi buna qarşıdır. Qanun layihəsi Fransa Senatı tərəfindən təsdiqlənib. Dünən, martın 16-da baş nazir Elizabet Born pensiya yaşının artırılmasını rəsmən elan edib. Pensiya islahatı Konstitusiyanın 49.3-cü maddəsi tətbiq edilməklə Milli Assambleyada təsdiq olunmadan qəbul edilib. Müxalifət buna cavab olaraq hökumətə etimadsızlıq votumunu istisna etməyib.

İslahat həmçinin Fransada aylarla davam edən kütləvi etirazlara və tətillərə səbəb olub. Dünən islahatın qəbulu elan edildikdən sonra da ölkədə kütləvi etiraz aksiyaları keçirilib. Parisdə etirazçılar polislə toqquşub, etirazçılar həmçinin yanğınlar törədib və barrikadalar qurublar. "Le Figaro” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 17-nə keçən gecə 120 etirazçı həbs edilib.

Nizami Bağırov