Dünya 18:41 10.02.2023

Rumıniya Müdafiə Nazirliyi: Rusiya raketi sərhədimizdən 35 km aralı uçub

Rumıniya Müdafiə Nazirliyi fevralın 10-da Rumıniya sərhədi yaxınlığında Rusiya raketinin uçuşunun təfərrüatlarını açıqlayıb.

Qaynarinfo "European Pravda"ya  istinadla xəbər verir ki, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Xəbər verildiyi kimi, Rumıniya Hərbi Hava Qüvvələrinin hava müşahidə sistemi fevralın 10-da Krım yarımadası yaxınlığında Rusiya Federasiyasına məxsus Qara dənizdə yerləşən gəmidən atılan hava hədəfini aşkar edib. Böyük ehtimalla bu, - Ukraynanın, Moldova Respublikasının hava məkanından keçərək Ukraynanın hava məkanına qayıdan qanadlı raketdir.

Nazirlik raketin hərəkəti boyu Rumıniya hava məkanını pozmadığını bir daha bəyan edib.

"Hədəfin Rumıniya hava məkanına trayektoriyasının ən yaxın nöqtəsi sərhəddən təxminən 35 kilometr şimal-şərqdə radar sistemləri tərəfindən qeydə alınıb", - məlumatda deyilir.

Rumıniya hakimiyyəti hədəfin tapıldığı andan vəziyyətin tam aydınlaşdırılmasına qədər bütün standart prosedurları tətbiq edib.

Səhər saat 10:38-də NATO-nun başçılıq etdiyi patrullarda iştirak edən və o vaxt təlim uçuşu keçirən Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-21 LanceR cavab variantlarına əlavə kimi Rumıniyanın şimalına yönləndirilib.

Alpər