Dünya 21:15 09.01.2023

Rusiya 10 il ərzində dağılacaq, kiçik dövlətlər yaranacaq - NATO ekspertləri

Yaxın illərdə Rusiyanı çöküş və ya uğursuz dövlətə çevrilməsi gözlənilir. Belə bir proqnozu Avropa və Rusiya Federasiyası ilə əlaqələr üzrə ixtisaslaşmış NATO-nun "Atlantic Council” analitik mərkəzinin sorğusuna qatılan xarici siyasət ekspertlərinin təxminən yarısı verib.

Qaynarinfo-nun "Financial Times”a istinadən məlumatına görə, 167 sorğu iştirakçısının 46%-i hesab edir ki, Rusiyanın bir dövlət kimi dağılması və ya bir çox kiçik ölkələrə parçalanması 2033-cü ilə qədər baş verə bilər.

Eyni zamanda respondentlərin 40%-i Rusiyanın mümkün süqutunun səbəbi kimi "inqilab, vətəndaş müharibəsi və ya siyasi parçalanma”nı göstərib.

"Atlantic Council”un rəhbərinin müavini və sorğunun kuratorlarından biri Peter Engelkenin fikrincə, Ukraynaya qarşı müharibə Rusiyanı fəlakət yoluna sürükləyib: "Ukrayna Rusiya üçün daxili problemlərin yaranma ehtimalını və müharibənin təkcə (Rusiya) rəhbərliyində deyil, bütövlükdə ölkədə bumeranq olacağı ehtimalını açıq şəkildə vurğulayır".

Qərb rəsmiləri bildirirlər ki, Ukraynanın işğalı artıq Rusiyanın əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxarıb. FT yazır: "Sanksiyalar, o cümlədən yüksək texnoloji malların tədarükünə qadağa, iqtisadiyyatın istehsal potensialına zərbə vuraraq, onun tənəzzülə uğrayacağını və onilliklər ərzində keçmişə geri dönəcəyini vəd edir".

Rusiya ÜDM-i 2022-ci ilin sonuna kimi 3%-dən az itirsə də, 2023-cü ildə azalma davam edəcək. İki illik tənəzzül Rusiya üçün SSRİ-nin dağılmasından sonrakı ilk illərdən bəri ilk olacaq.

Hökumət yeni ildə iqtisadiyyatın cəmi 0,9% kiçiləcəyini, 2024-cü ildən isə iki il ərzində sürətlənməyə və bütün tənəzzülü kompensasiya etməyə başlayacağını əsas gətirərək nikbin proqnozlar verir. Amma bu təxminləri nə Qərb, nə də Rusiya iqtisadçıları bölüşmür: Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Rusiya iqtisadiyyatının 2,3%, Dünya Bankı 3,6% azalacağını proqnozlaşdırır. RANEPA və Qaydar İnstitutunun mütəxəssisləri 5%-dən çox, Alfa-Bank 6% azalma gözləyirlər.

Rusiyada daxili partlayış təhlükələrinə və Avropanın İkinci dünya müharibəsinin ən böyük hərbi münaqişəsinin səhnəsinə çevrilməsinə baxmayaraq, "Atlantic Council”ın ekspertləri Moskva və NATO-nun birbaşa hərbi toqquşma vəziyyətinə düşəcəyini gözləmirlər. Onların yarıdan çoxu - 58%-i də yaxın illərdə nüvə silahından istifadə olunmayacağına əmindir.

Buna baxmayaraq, "Atlantic Council” təlatümlü onilliyə hazırlaşmağa çağırır: İranın nüvə silahı almaq ehtimalı böyükdür (86%), Çin Tayvanı ilhaq etmək üçün hərbi əməliyyata başlayacaq (70%). Bununla yanaşı, əksər ekspertlər ABŞ-ın bir nömrəli hərbi güc olaraq qalacağına əmin olsalar da, onlardan yalnız üçdə biri ABŞ-ın qlobal iqtisadiyyatda (33%) və diplomatiyada (31%) liderliyini qoruyub saxlayacağına inanır.

Nizami Bağırov