Dünya 14:30 09.01.2023

Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılacaqmı?

Ukrayna Xarici İşlər Nazirliyi: "Rusiyanın BMT TŞ-dakı statusu qeyri-legitimdir”. 

Ukrayna rəsmi olaraq Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasını tələb edib. Bu barədə Ukraynanın Xarici İşlər naziri BMT-nin iclasında çıxış edərkən bildirib. Anoloji bəyanatı  Ukrayna Xarici İşlər Nazirliyi də yayıb.

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba toplantıdakı nitqində bildirib ki, 1991-ci ildə Sovet İttifaqının rəsmən dağılmasına baxmayaraq, Rusiya nümayəndə heyəti BMT-nin Təhlükəsizlik Şurasında sadəcə olaraq, SSRİ-nin kürsüsünü tutur. Nazir, həmçinin beynəlxalq ictimaiyyəti də bu fakta  göz yumduğu üçün qınayıb. O, öz çıxışında: "Ukrayna, BMT-yə üzv dövlətləri Rusiya Federasiyasının BMT-dəki təmsilçiliyinin legitimliyi məsələsinə yenidən baxmağa,  BMT Nizamnaməsinin mövcud şərtlərini yeniləməyə və Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan məhrum etməyə çağırır” - deyə, üzv dövlətləri Ukraynanın səsinə səs verməyə çağırıb.

BMT-də SSRİ kabusu

Ukrayna Xarici İşlər Nazirliyinin sözügedən bəyanatında Rusiyanın belə bir mötəbər qurumda qeyri-qanuni təmsil olunmasını iddia edərək bu cür aydınlıq gətirilib: "Rusiya üzvlük əldə etmək üçün heç vaxt digər ölkələrin keçdiyi legitim prosedurdan keçməyib, o, sadəcə olaraq, SSRİ dağıldıqdan sonra qeyri-qanuni olaraq BMT Təhlükəsizlik Şurasında keçmiş imperiyanın yerini tutub. İndiki durumda isə hüquqi və siyasi nöqteyi-nəzərdən yalnız bir nəticə çıxarmaq olar: Rusiya SSRİ-nin BMT Təhlükəsizlik Şurasındakı yerini zəbt  edib".

Ukraynalı diplomatların fikrincə, Rusiya Federasiyası, ümumiyyətlə, BMT-yə üzv olmaq üçün tələb olunan meyarlara cavab vermir. Onlar bildirir ki, bu beynəlxalq təşkilatın nizamnaməsinə görə BMT-yə üzvlük hüququ bütün sülhsevər və beynəlxalq təhlükəsizlik məsələlərinə riayət edən dövlətlər üçün açıqdır. Lakin, ukraynalıların fikrincə Rusiyanın hərəkətləri, ümumilikdə, sülhsevərlik prinsiplərinə ziddir. 

"Rusiyanın BMT-dəki qeyri-qanuni təmsilçiliyinin bu 30 illiyi müharibələr, digər dövlətlərin ərazilərinin ələ keçirilməsi,  ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişdirilməsi, yırtıcı və neoimperiialist ambisiyalarını təmin etmək cəhdləri ilə yadda qalıb" - deyə, Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında vurğulanır. 

Diplomatlar xatırladır ki, Rusiyanın Ukraynaya təcavüzü "BMT Nizamnaməsinin 1945-ci ildə təsdiqlənməsindən bəri misli görünməmiş bir pozuntudur” və təkcə bu fakt, Rusiyanı "sülhsevər dövlət” adlandırmaq haqqından məhrum edir.

Abxaziya, Dnestryanı, Qarabağ…

Rusiyanın xüsusi olaraq, qonşu ölkələrdə süni yolla etnik və ərazi problemləri yaratdığını diqqətə çatdıran Ukraynalı diplomatlar öz çıxışlarında Qarabağ məsələsinə də toxunaraq:

"Rusiya öz təcavüzünü təkcə Ukrayna ilə məhdudlaşdırmır. O, keçmiş SSRİ məkanında - Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Qarabağda seperatçı qüvvələri dəstəkləyir. Rusiya Çeçenistan ərazisini işğal edib, çeçen xalqına qarşı soyqırım törədib, Suriyada cinayətkar Bəşər Əsəd rejimini dəstəkləyib və onilliklər ərzində Afrikada münaqişələri qızışdırıb. Rusiya dövləti xüsusilə,  Burkina-Faso, Liviya, Mali və Mərkəzi Afrika Respublikası regionunda da sabitliyi dəfələrlə pozub”- deyə, bildiriblər.   

Ukrayna nümayəndəsinin məlum çıxışının Azərbaycanla bağlı hissəsinə şərh olaraq, bildirək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, hazırda "Qarabağ münaqişəsi” adlı bir problem mövcud deyil. Qarabağ  Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində, etnik say çoxluğu azərbaycanlılardan ibarət olan tarixi ərazisidir və Ermənistan tərəfindən 30 il işğalda qaldıqdan sonra 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Ukraynalı diplomatlar bundan başqa onu da xatırladıblar ki,  Rusiya Federasiyası 1991-ci ildən bəri BMT Təhlükəsizlik Şurasında 31 dəfə veto hüququndan istifadə edib. Bu, Təhlükəsizlik Şurasının digər daimi üzvləri ilə müqayisədə,  təxminən, iki dəfə çoxdur.

Təşkilatda veto qoymaq hüququndan sui-istifadə edən Rusiya Federasiyası MH-17 reysinin vurulmasını araşdırmaq üçün tribunalın yaradılmasına dair qətnamənin qəbuluna da mane olub. Bundan əlavə, Rusiya Srebrenitsada törətdiyi qətliamların beynəlxalq səviyyədə soyqırım kimi tanınmasını da əngəlləməyə nail olub. Rusiyanın bu tip pozucu "fəaliyyət”inə Venesueladakı siyasi və humanitar böhrana Şura tərəfindən reaksiya verilməsinə veto qoymaq, BMT-nin Gürcüstandakı müşahidə missiyasının mandatının bu ölkə üçün ən kritik bir məqamda uzadılmasını əngəlləmək də daxildir. Bundan başqa TŞ-dəki müvafiq səlahiyyətlərindən istifadə edən Putin rejimi Şimali Koreyaya qarşı sanksiya tədbirlərinin gücləndirilməsinə də dəfələrlə əngəlləyib. Sonra, Bəşər Əsəd rejiminə qarşı müzakirəyə çıxarılan 16 qətnamənin qəbuluna da məhz, Rusiya əleyhinə səs verməklə mane olub. Rusiyanı regionda və dünyada seperatçı qüvvələrə dəstək verməkdə ittiham edən Ukraynalı nazir yekunda, sadalanan faktlarla bu ölkənin BMT TŞ-dəki daimi üzvlüyünün yolverilməz olduğunu, Rusiyanın bu hərəkətləri ilə BMT-nin nüfuzunu zədələdiyini xüsusi diqqətə çatdırıb. 

Nüvə silahı ilə şantaj 

"Öz təcavüz siyasətinin hazırkı mərhələsində Rusiya Federasiyası özünün tam cəzasız qaldığını hiss edərək, nüvə silahından istifadə hədələri ilə beynəlxalq ictimaiyyəti şantaj etməyə keçib. Rusiya Federasiyasının bu cür hərəkətlərinin bütün BMT sistemini nüfuzdan salması və məhv etməsi an məsələsidir” - bəyanatda deyilir.

D.Kuleba onu da vurğulayıb ki, Rusiya BMT üzvlərinin bərabərlik prinsipini rəhbər tutaraq, təşkilata qanuni üzv olmaq istəyirsə,  bütün digər üzv dövlətlər üçün nəzərdə tutulan eyni beynəlxalq hüquqi tələb və öhdəliklərə riayət etməlidir.

"Biz artıq, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum etmək üçün mübarizəyə başlamışıq. Bəri başdan bəyan edim ki, bu mübarizə bizim üçün heç də asan olmayacaq. Yəqin ki, bizim bu aksiyaya qarşı təkcə Rusiyanın yox, onun nüfuz dairəsində olan bəzi ölkələrin də çıxması gözlənilir. Lakin biz, nə olur-olsun yalana və saxtakarlığa boyun əyməyəcəyik. Hədəflər əlçatmaz görünə bilər, ancaq bizim üçün qeyri-mümkün heç nə yoxdur!”- deyə, nazir əlavə olaraq özünün rəsmi Facebook səhifəsində yazıb. 

Veto hüququ işləri korlayır 

Bu günədək beynəlxalq ekspertlər hesab edirdilər ki, Təhlükəsizlik Şurası üzvü olan hər hansı  ölkəni qurumun daimi üzvlüyü statusundan məhrum etməyin heç bir hüquqi yolu yoxdur. Nizamnamə tələblərini və beynəlxalq öhdəlikləri pozan ölkə BMT-nin üzvlüyündən xaric edilə bilər, bunun üçünsə təkcə Baş Assambleyanın deyil, həm də BMT Təhlükəsizlik Şurasının razılığı lazımdır. Söhbət Rusiya Federasiyasının qurumdan uzaqlaşdırılmasından gedirsə, qeyd etmək lazımdır ki, TŞ üzvü Rusiya burada da veto hüququna malikdir. Elə bu səbəbdən Ukrayna Xarici İşlər naziri D. Kuleba BMT-dəki çıxışı zamanı BMT TŞ-nın nizamnamə şərtlərinin yenilənməsinin vacibliyini bildirib. 

Murad Köhnəqala