Dünya 16:28 31.05.2023

Rusiya Böyük Britaniyanın istənilən rəsmisini aradan götürə bilər... - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya Federasiyası Böyük Britaniyanın istənilən hökumət rəsmisini "qanuni hərbi hədəf” hesab edə bilər. Onun sözlərinə görə, Böyük Britaniya faktiki olaraq Rusiya ilə elan olunmamış müharibə aparır, Ukraynaya hərbi dəstək verir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant yazır.

"Bu gün Böyük Britaniya Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, yəni faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Belə olan halda onun istənilən hökumət rəsmisi (həm hərbi, həm də müharibəyə töhfə verən mülki şəxslər) legitim hərbi hədəf sayıla bilər”, - deyə Medvedev ingilisdilli "Twitter” hesabında yazıb.

Bununla, Təhlükəsizlik Şurasının sədr müavini Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin  dediyi "Rusiyanın Ukrayna ərazisində irəliləmə qabiliyyətini pozmaq üçün öz sərhədlərindən kənarda Ukraynanın qüvvələr layihələndirmək hüququna malik olması” sözlərini şərh edib. Kleverli bunu dünən, mayın 30-da PUA-ların Moskvaya hücumları ilə bağlı şərhində deyib. Eyni zamanda o vurğulayıb ki, onun sözləri Moskvaya səhər hücumlarına verilən qiymət kimi qəbul edilməməlidir.

Medvedev bildirib ki, ümumi tanınmış beynəlxalq hüquq normaları, o cümlədən əlavə protokollarla Haaqa və Cenevrə Konvensiyaları çərçivəsində Ukraynaya hərbi dəstək verən Böyük Britaniya müharibə vəziyyətində olan dövlət kimi təsnif edilə bilər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Böyük Britaniya Ukraynaya fəal hərbi dəstək verir. O cümlədən London Kiyevə "Challenger 2” tankları tədarük edib, həmçinin Ukraynaya F-16-ların tədarükü üçün koalisiya yaratmağa hazırlaşır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mayın 30-da səhər saatlarında Moskva və Moskva vilayəti səkkiz (Rusiya mediasına görə 25-32) pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Rusiya hadisəni terror aktı hesab edib və hadisəyə görə Ukraynanı günahlandırıb. Kiyev rəsmiləri Ukraynanın hücumlarda iştirakını etiraf etməyiblər. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kiyev bu cür hücumlarla Moskvanı cavab hərəkətlərinə təhrik edir.

Nizami Bağırov