Dünya 16:42 29.07.2022

Rusiya Çernobılı döyüşmədən necə ələ keçirib: məxfi agentlər... - Reuters

Ukraynanın tammiqyaslı işğalından xeyli əvvəl Rusiya hakimiyyəti "xüsusi əməliyyat”ın məqsədlərinə mümkün qədər tez nail olmaq üçün məxfi agentlər şəbəkəsi yaratmışdı. Bu şəbəkə sayəsində, xüsusən də Çernobıl AES-i tez bir zamanda ələ keçirmək mümkün olub.

Bu barədə Qaynarinfo "Reuters” agentliyinin araşdırmasına istinadən xəbər verir.
 
Döyüşsüz ələ keçirmə

Rusiya qoşunları 2022-ci il fevralın 24-də günorta saatlarında Çernobıl atom elektrik stansiyasının ərazisinə daxil olub. Stansiyanı Milli Qvardiyanın 169 əsgəri mühafizə edirdi və onlar iki saatdan az müddətdə döyüşmədən silahlarını yerə qoyublar. Bu, ruslara Çernobılı tutmağa və onu Kiyevin kənarında əsas tranzit məntəqəsinə çevirməyə imkan verib.

Eyni zamanda, "Reuters” qeyd edir ki, Çernobıl AES-in sürətlə ələ keçirilməsi beş ay davam edən müharibə fonunda anomaliya kimi görünür. Nəşrin yazdığına görə, uğurlu blitskriq təsadüfi deyil, Kremlin Ukrayna dövlətinə məxfi agentləri daxil etmək planlarının bir hissəsidir.

Rusiya prezidenti Vladimir Putinin hərbi müşavirləri ümid edirdilər ki, Ukrayna prezidenti Volodimir Zelenskini qaçmağa və ya təslim olmağa məcbur etmək üçün az hərbi güc və bir neçə gün lazım olacaq, - Kremlin planları ilə tanış olan beş mənbə bildirir.

Rusiya və Ukraynada onlarla məmurla danışdıqdan sonra və Çernobıl işçilərinin hərəkətləri ilə bağlı Ukrayna araşdırmasına əsaslanaraq, nəşr Kremlin məxfi agentlərinin nüfuzunun nəzərdə tutulduğundan qat-qat dərin olduğu qənaətinə gəlib.

Milli Qvardiyaya qarşı iş

Mənbələrdən birinə görə, Dövlət İstintaq Bürosu (DİB) Milli Qvardiyanın Çernobıl AES-in ərazisində qanunsuz hərəkət edib-etmədiyini araşdırmağa çalışır. Bəzi məhkəmə sənədləri və ifadələri stansiyanın mühafizə rəisi Valentin Viterin rolunu ortaya qoyur, o, hazırda istintaq altındadır və AES-in ələ keçirilməsi zamanı vəzifədə olmadığına görə həbsdə saxlanılır.

İbtidai istintaqın reyestrindən çıxarışdan göründüyü kimi, Viter dövlətə xəyanətdə də şübhəli bilinir. O, özü ittihamları rədd edir, onun sözlərinə görə, işğal günü Milli Qvardiya bölməsinin komandirinə şəxsi heyətini təhlükəyə atmamağı tövsiyə edib.

Başqa bir mənbə deyir ki, rus agentləri ötən il məmurlara rüşvət vermək və döyüşsüz işğal hazırlamaq üçün Çernobıla göndərilib. "Reuters” bu iddianı təsdiq edə bilməyib, lakin DİB Çernobıl AES-ə məxfi təhlükəsizlik məlumatlarını ötürməkdə şübhəli bilinən keçmiş yüksək rütbəli kəşfiyyat məmuru Andrey Naumov barədə araşdırma aparır. 

Çernobıl AES-in Moskva ilə əlaqəsi

"Reuters” Moskvanın casus aparatının onilliklər ərzində Çernobılla sıx bağlı olduğunu iddia edir. 1986-cı ildə baş vermiş fəlakətdən sonra SSRİ Dövlət təhlükəsizlik komitəsi (DTK) stansiyanın işçiləri arasından agentlərin cəlb edilməsi barədə göstəriş verib.

Hətta 1991-ci ildə Ukrayna müstəqil olduqdan sonra da Moskvanın kəşfiyyat rəhbərləri öz təsirlərini saxlayıblar. Məsələn, Nikolay Qoluşko Ukraynanın daxili kəşfiyyatının ilk rəhbəri olub, lakin dörd aydan sonra Moskvaya qayıdıb və bugünkü KQB-nin sələfi olan xidmətə rəhbərlik edib.
O, memuarlarında Ukrayna təhlükəsizlik xidmətinin (UTX) o vaxtkı rəis müavini Oleq Puqaçın ona necə baş çəkdiyini və Ukrayna kəşfiyyatçılarının uniforması üçün parça tapmaqda kömək istəməsini xatırlayır. Qoluşkonun sözlərinə görə, eyni vaxtda UTX kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşməyi öhdəsinə götürən müqavilələr imzalanıb.

Kremlin işğal planları ilə birbaşa tanış olan həmsöhbət qeyd edib ki, 1991-ci ildə Çernobıl AES-dəki casuslar rəsmən Ukrayna təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olub, lakin Moskvanın əmrlərini yerinə yetirməkdə davam ediblər.

Gizli şəbəkənin aktivləşdirilməsi

2021-ci ilin noyabrında Rusiya Çernobıl atom elektrik stansiyasının təhlükəsizliyinə cavabdeh olan şəxslərlə əlaqə yaratmaq üçün Ukraynaya gizli kəşfiyyat agentləri göndərməyə başlayıb. Məqsəd işğal zamanı stansiyanın qansız ələ keçirilməsini təmin etmək olub.

Nə DİB, nə də UTX suallara cavab vermədiyi üçün "Reuters” bu məlumatın təfərrüatlarını yoxlaya bilməyib.

Bununla belə, Kiyevin Çernobıl AES-in əməkdaşlarına qarşı üç işi araşdırdığı barədə məlumatlar var. Və bu gün məxfi məlumatları ötürməkdə və AES-i ələ keçirməkdə ruslara kömək etməkdə şübhəli bilinən azı iki nəfər müəyyən edilib. Onlardan biri işğal zamanı baş direktorun müavini olmuş və mühafizəyə cavabdeh olan UTX polkovniki Valentin Viterdir. Lakin hücumdan altı gün əvvəl onun xəstəlik adı ilə işə çıxmadığı iddia edilir.

Andrey Naumovun rolu

Rusiyanın Çernobıldakı nüfuzunun miqyası Ukrayna hakimiyyətinin diqqətini UTX-ya yönəltdi. Digər şeylər arasında, Viterin 2018-ci ilə qədər Təcrid zonasında əmlakın idarə edilməsinə cavabdeh olan müəssisəyə rəhbərlik edən və bundan sonra UTX-nin daxili təhlükəsizlik şöbəsinin müdiri təyin edilən Andrey Naumovla əlaqəsi araşdırılır. 

Keçən il, 2021-ci ildə Naumova qarşı sui-qəsdin qarşısının alındığı və daha sonra işdən çıxarıldığı xəbəri yayıldı. İşğaldan bir müddət əvvəl o, Ukraynanı tərk edib, 2022-ci ilin iyununda Serbiyada külli miqdarda nağd pul və qızıl-zinyət əşyaları ilə birlikdə həbs edilib.

Dövlət istintaq bürosu Naumova qarşı dövlətə xəyanət işi üzrə ibtidai istintaq apardığı barədə məlumatı təsdiqləyib. DİB onun, Çernobılda və UTX-da işləyən zaman AES-in təhlükəsizlik sistemi haqqında məlumatları toplayaraq Rusiyaya ötürüb-ötürmədiyini araşdırır.

Martın sonunda Ukrayna prezidenti Volodimir Zelenski Naumovu briqada generalı rütbəsindən məhrum edib, bundan sonra onu və digər UTX generalını satqın adlandırıb. Bu gün Naumov Serbiyada həbsdə qalır və dövlətə xəyanət iddialarını şərh etmir. UTX da onunla bağlı sualları cavablandırmayıb.

Kiyevə yolun bir addımlığında

Rusiya hərbçiləri üçün Çernobılın ələ keçirilməsi əsas məqsədə - Kiyevdə hökumətə nəzarəti ələ keçirməyə doğru atılan ilk addım idi. Kreml də yüksək vəzifələrdə olan gizli agentlərin həlledici rol oynayacağını gözləyirdi.

Ola bilsin ki, söhbət Baş Prokurorluğun nəzarətində olan Ukrayna Müdafiə Nazirliyinin əməkdaşlarından, eləcə də "Həyat naminə” Müxalifət Platforması Partiyasının liderlərindən biri Viktor Medvedçukdan gedir. Aprelin ortalarından etibarən sonuncu həbsdədir, müdafiəçiləri isə şərh verməkdən imtina edir. 

Digər əsas fiqur keçmiş deputat Oleq Tsarev idi. Ona, Kiyevin ələ keçirilməsindən sonra müvəqqəti hökumətə rəhbərlik etmək tapşırıla bilərdi. Bunu onun Kiyev vilayətinin işğal olunmuş ərazilərindən çəkilən videoları qismən təsdiq edir, lakin sonda Tsarev Kiyevə çata bilməyib.

Nizami Bağırov