Dünya 22:10 22.02.2023

Rusiya daha bir milyon insanı səfərbər edə bilər - Almaniya kəşfiyyatı

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır deyil və öz şərtləri ilə "sülh” diktə etməyə davam etmək üçün döyüş meydanında say üstünlüyü ilə uğur qazanmağa çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl  "Redaktionsnetzwerk Deutschland”a müsahibəsində bildirib.

O qeyd edib ki, bunun üçün Rusiya ordusuna yenidən adamlar lazım olacaq. 2022-ci ilin payızında 300 mindən çox insan səfərbər edilib, onların bəziləri hələ də təlim keçir, bəziləri isə artıq cəbhəyə göndərilib. 

"Əgər Kreml bunu zəruri hesab edərsə, Rusiyanın gələcək səfərbərlik potensialı bir milyon nəfərə qədərdir”, deyə Kahl bildirib.

Alman kəşfiyyatının rəhbərinin sözlərinə görə, Ukraynadakı müharibə Moskvada, Kiyevdə və Qərbdə proqnozlaşdırılandan tamamilə fərqli olub. Xüsusilə, Kreml az sayda "dəqiq, kifayət qədər simvolik və nümayişkaranə hərbi hərəkətlərin” köməyi ilə qonşu ölkə üzərində nəzarəti bərqərar edə biləcəklərinə əmin idi. Lakin bu plan iflasa uğradı, bundan sonra Ukrayna Silahlı Qüvvələri təşəbbüsü ələ keçirərək üstünlük əldə etdi. Kahl deyir ki, bu baxımdan Rusiya ordusu öz say üstünlüyünə "stavka” etməyə qərarına gəldi, lakin bu, çox sonra baş verdi.

O əlavə edir ki, buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri hələ də müdafiəni effektiv şəkildə saxlaya bilir, lakin uzunmüddətli perspektivdə Ukrayna tərəfinin uğuru Qərbin aramsız dəstəyindən asılıdır. 

Kahl Rusiyanın cəmləşdiyi Donbasa getdikcə daha çox qoşun gəldiyini qeyd edib və hazırkı qarşıdurmanı "tükəndirmə müharibəsi” kimi qiymətləndirib.

Nizami Bağırov