Siyasət 17:55 08.08.2022

Rusiya dünyanı çörəklə imtahana çəkəcək (ŞƏRH)

"Yaxın günlərdə dünya bazarında buğdanın qiyməti bahalaşa bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, dünya bazarında buğdanın qiymətinin qalxması Azərbaycan kimi bir ölkə üçün ciddi problem yarada bilər:

"Azərbaycan unu daha çox Rusiyadan idxal edir, ən böyük problem budur. Bu da sabahın problemi ola bilər. İndi problem nədən ibarətdir? İki gün öncə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi belə bir açıqlama verdi ki, Rusiyada bu il proqnozlaşdırıldığı qədər taxıl istehsalı gözlənilmir. Taxıl istehsalı azalacaq. Dünya bazar qiymətinə təsir edəcək əsas amil budur. Bu gün ən çox dünya bazarına buğda çıxaran ölkə Rusiyadır. Ona görə də Rusiya ixraca məhdudiyyət qoysa, yəni ixracı azaltsa, problem yaşanacaq. Onunla bağlı da nazir açıqlama verib. Nazir bildirib ki, "məcburiyyət qarşısında qalıb daxili təlabatı təmin etməliyik və ixrac planlarımıza yenidən baxacayıq".

Ekspert hesab edir ki, nazirin çıxışı dünya bazarında qiymətlərə təsir edə bilər:

"Hazırda dünya bazarında buğdanın qiymətində ucuzlaşma var. Bu da buğdadan alınan məhsulların qiymətini müvəqqəti də olsa, aşağı endirə bilər. Problem müharibə ilə bağlı deyil. Problemlə bağlı artıq hesablamalar aparılıb ki, nə qədər dünya bazarına məhsul çıxarılacaq. Əsas dünya bazarına çıxarılan məhsuldur”. 

Bahar Rüstəmli