Dünya 16:25 01.06.2022

Rusiya həvəsləndirdi: Çin Tayvan ətrafında döyüş hazırlığı keçirdi

Çin Tayvan ətrafındakı dənizlərdə və hava məkanında döyüş "hazırlıq patrulu” həyata keçirib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin ordusunun rəsmiləri bildirib.

Çin hərbi rəsmiləri hazırlığın Vaşinqton və Taypey arasında "sövdələşməyə” cavab vermək üçün zəruri bir tədbir olduğunu deyib.

Tayvanı öz ərazisi kimi görən Çin, Taypeyə suverenlik iddialarını qəbul etməsi üçün təzyiq göstərməyə çalışdığından son iki il ərzində adanın ətrafında hərbi manevrlərini artırıb.

Çin xüsusilə ABŞ-ın Tayvana dəstəyindən narazıdır.

ABŞ prezidenti Co Bayden keçən həftə Amerikanın Tayvanla bağlı "strateji qeyri-müəyyənlik" siyasətində dəyişikliyə işarə edərək Çinin adaya hücum edəcəyi təqdirdə Birləşmiş Ştatların hərbi müdaxilə edəcəyini deyib. Açıqlama Çini qəzəbləndirib. Ancaq ABŞ rəsmiləri sonradan Amerikanın ənənəvi Tayvan siyasətində heç bir dəyişiklik olmadığını bildiriblər.

Çin Xalq Azadlıq Ordusunun Şərq Komandanlığının verdiyi açıqlamada Tayvan ətrafında baş verən döyüş "hazırlıq patrulu"nun "ABŞ-Tayvan sövdələşməsinə qarşı zəruri bir hərəkət" olduğu bildirilib.

"Son vaxtlar Birləşmiş Ştatlar Tayvan məsələsi ilə bağlı tez-tez addımlar ataraq, bir şey deyib, başqa bir şey edir, Tayvanın müstəqillik qüvvələrinə dəstək verməklə onları təhlükəli vəziyyətə sürükləyir”, - komandanlıq əlavə edib.

Tayvan Çinin bir hissəsidir və Çin qoşunları xarici qüvvələrin müdaxiləsinin və Tayvanın müstəqilliyini dəstəkləyənlərin hərəkətlərinin qarşısını almaq üçün hərbi təlim və hazırlıqları gücləndirməyə davam edir.

Tayvan Çinin suverenlik iddialarını rədd edərək, adanın gələcəyi ilə bağlı yalnız Tayvan xalqının qərar vermək hüququna malik olduğunu deyir. Hökumət həmçinin  sülhdən yana olsa da, lazım gələrsə, özünü müdafiə edəcəyini deyir. 

Nurlan