Siyasət 14:05 30.06.2022

Rusiya ilə yaxınlaşmaq milli maraqlarımıza xidmət edir - Araz Əlizadə

Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Mətbuatın yazdığına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib. "Bizim Baş nazirimizin və Dövlət Duması sədrinin səfərinə hazırlıq görülür”, deyə Putin vurğulayıb. 

Hələlik səfərin tarixi bəlli deyil. Bu barədə mətbuata hər hansı bir açıqlama verilməyib. Ümumiyyətlə, son zamanlar Rusiya rəsmilərinin Azərbaycana səfərləri intensivləşib. İyunun 22-23-də Rusiyanin xarici işlər naziri Sergey Lavrov Bakıda oldu. Ardınca Xəzəryanı dövlətlərin Aşqabad sammitində Əliyevlə Putin görüşdü. İndi də bildirildiyinə görə, şimal ölkəsinin digər iki yüksək rütbəli məmurları Bakıya gələcək. 

Belə intensiv səfərlər onu göstərir ki, bölgə ilə bağlı hansısa proseslər gedir, dünya güclərinin regiona marağı xeyli artıb. Bu müstəvidə də dünya gücləri region ölkələrini özlərinə daha da yaxınlaşdırmağa, öz layihələrində onlardan dəstək almağa çalışır. Regionun aparıcı dövləti isə Azərbaycandır. Ona görə də həmin güclər əsas diqqəti məhz Bakıya yönəldiblər. 

Aşqabadda Putinlə Əliyev arasında görüşü, habelə Mişustinlə Volodinin  Azərbaycana olacaq səfərini Qaynarinfo-ya şərh edən ASDP sədri Araz Əlizadənin fikrincə, bütün bunlar iki dövlətin yaxınlaşması məqsədi daşıyır: 

"Bu görüşü uğurlu və səmərəli bir görüş kimi xarakterizə edərdim. Belə görüşlər, səfərlər hər zaman Bakı ilə Moskva arasında münasibətlərin daha da inkişafına xidmət edir. Gözləntilərim ondan ibarətdir ki, bu görüşdə həmişəki kimi Qarabağ və sülh sazişi məsələləri müzakirə edilib”. 

Rusiya Baş naziri və Dövlət Duması rəhbərinin Bakıya olacaq səfərinə gəldikdə, həmsöhbətimizə görə, şimal ölkəsindən Azərbaycana son zamanlar səfərlərin intensiv xarakter alması iki dövlətin yaxınlaşmasının əlamətidir:

"Ölkələr nə qədər bir-birinə yaxın olsa, bir o qədər həm özləri, həm də region üçün bir o qədər müsbət rol oynayırlar”. 

Rüfət Sultan