Ekonomiks 13:23 15.11.2022

Rusiya neftinin “qara günləri” başlayır: Bahalaşma olacaq?

"Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 8-ci sanksiyalar paketində Rusiya nefti və neft məhsullarından imtina məsələsi də yer alıb. Sənəddə bildirilir ki, bu ilin dekabrın 5-dən Rusiya nefti, fevralın ayının 5-dən isə neft məhsullarının idxalı dayandırılmalıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Çinin Rusiyadan neft alışını azaltması, Hindistanın isə tam imtina etməsinə aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, bununla bağlı Qərb Rusiyanın neft və neft məhsullarından əlavə qazanc götürüb, Ukrayna müharibəsini davam etdirməməsi üçün digər ölkə və şirkətlərə Rusiya neftinin idxalının azaldılması üçün daima təzyiq edirlər: 



"Kim ki, müəyyən şərtlərlə buna razılaşır, onun iqtisadi, siyasi kommersiya prespektivlərini götür-qoy edərsə, ona uyğun addım atır. Bu baxımdan, Çin öz maraqları çərçivəsində Rusiya neftini idxal etməkdə davam edəcək. Hindistan isə Çinlə rəqabət kursu götürür. Artıq Amerikanın ən böyük nəhəng şirkətləri Çindən öz zavodlarını Hindistana transfer edir. Çinin isə siyasəti Britaniya, Amerika üst- üstə düşür. Belə məsələlərə normal baxmaq lazımdır”. 

Bəs, bu hal neft bazrında özünü necə göstərə bilər? İlham Şaban deyir ki, yaranan vəziyyət bazarda şok effek yaradacaq:

"Qiymətlər daha qabarıq özünü göstərəcək. Bazarda neftin qiyməti artmağa doğru gedəcək. İndi 95-100 dollar dəhlizində idarə edilir. Bazar buna alışandan sonra neftin qiymətində müəyyən azalmalar olacaq”. 

Qeyd edək ki, Çin neft emalı zavodları (NEZ) dekabr ayında tədarük üçün Rusiya neftinin alışını azaltmağa başlayıb. Məlumatda bildirilib ki, Hindistan isə Rusiya neftindən tam imtina edə bilər. 

Bahar Rüstəmli