Siyasət 15:10 11.08.2022

Rusiya qonşu ölkələri radiasiya hücumu ilə hədələyir - Politoloq

Rusiyanın nəzarətində olan Zaporojye AES-i ətrafında gərginliyin artması fonunda Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossin AES son vəziyyəti "tamamilə nəzarətdən çıxmış” adlandırıb. Ona cavab olaraq Rusiyanın "Moskovskiy Komsomolets” qəzeti yazır ki, Zaporojye AES-i ətrafında yaranan təhlükənin qarşısnı ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ala bilər:
 
"Ərdoğana təcili ehtiyac var: bizi "yeni Çernobıl faciəsi”ndən yalnız Türkiyə prezidenti xilas edə bilər.Zaporojye AES ilə bağlı ixtilafda risk həddən artıq böyükdür, həlli yoxdur”.

Qeyd edək ki, müharibə başlayandan üzü bəri Kiyevlə Moskva arasında münasibətlərin normallaşmasına, problemin danışıqları yolu ilə həll edilməsinə yalnız Ərdoğan çalışıb. Digər ölkə liderləri isə tərəfləri müharibəyə təhrik etməkdə maraqlı olublar. Ərdoğan müharibənin ilk dövründə Ankarada Moskva ilə Kiyev rəsmiləri arasında aparılan danışıqlara vasitəçilik edib. Məhz, Türkiyə Prezidentinin səyi nəticəsində Ukrayna taxılının Qara dənizdən çıxışına da nail olundu.  Zaporojye AES-nə gəldikdə, Rusiya həmin ərazini tutmaqla bir tərəfdən hərb meydanında strateji üstünlük qazanmağı düşünür. Digər tərəfdən də, qarşı tərəfi tutduğu mövqeyindən geri çəkilməyə sövq etdirmək istəyir. Bu fonda da görünür yenə də Ərdoğanın vasitəçiliyinə ehtiyac yaranıb. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri bildirir ki, Rusiya mətbuatının bu ifadəsi dünya səviyyəsində yeganə tək liderin məhz Ərdoğan olduğunun isbatıdır:

"Çünki proses boyu barışdırıcı mövqe tutan dövlət başçısı yalnız Ərdoğan olub. Baş verən bu hadisələr də gerçəyin etirafıdır və türk etnosu adına böyük nailiyyətdir. Dünyanın çətin durumla üz-üzə olduğu bir dövrdə bütün daşların altına əlini qoyan tək dövlət Türkiyə və onun Prezidenti Ərdoğandır”. 

Ekspertin fikrincə, Rusiya mediasının bu məsələni xüsusi olaraq qabartması isə onun tərəfindən bir şans olaraq dəyərləndirilir:

"Zaporojye AES-ni işğal edib onu minalayan rus ordusudur. Məhz bu ərazidən istifadə etməklə rus ordusu  Ukraynanın iri şəhərlərini, Nikolayevi artileriya atəşinə tutur. Rusiya əmindir ki,  Ukrayna buna cavab verə bilməyəcək. Çünki stansiyanın dağılması tək orada olan  məhdud sayda rus əsgərini deyil, Ukrayna və bölgənin bir çox dövlətlərini də ciddi şəkildə radiasiya problemilə üz-üzə qoyacaq”. 

Politoloq qeyd edir ki, Moskva məhz bu həssas vəziyyətdən istifadə etməklə, qalibiyyəti mümkünsüz göründüyü müharibəni sifətini qoruyaraq dayandırmaq istəyir:

"Düşünürəm ki, Putin də bu reallığı anlamağa başlayıb. Ona görə də  Türkiyənin vasitəçi qismində yenidən hərəkətə keçməsini qabartmaqla Rusiya güzəştlər qoparmağa çalışır. Moskva istəyir ki, Ərdoğan burada da vasitəçi  olmaqla təcili atəşkəsin təmin olunmasına nail olsun və işğal etdiyi əraziləri əlində saxlasın. Ancaq bunu Ukrayna və Qərb qəbul etməyəcək. Çünki artıq Rusiyanın  məğlub vəziyyətdə olduğunu görürlər. Rusiya tamamilə zərərsizləşdirilənə,  ən azından 24 fevrala kimi olan sərhədlərinin bərpası və yaxud Krımın tamamilə azad olunmasına qədər proses davam edəcək”. 

Rüfət Sultan