Dünya 10:11 23.02.2023

Rusiya səfiri Moskvanın "bu münaqişədə" nüvə silahı atmayacağına söz verdi

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Moskva Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməyi planlaşdırmır.

Qaynarinfo xəbər verir ki, bu barədə Kelin Britaniyanın LBC radiosuna müsahibəsində bildirib

"Bu münaqişədə? Xeyr, bizim çox aydın doktrinamız var və o, nüvə silahının istifadə oluna biləcəyi çox dəqiq bir vəziyyəti təsvir edir: əgər Rusiya ilk olaraq nüvə hücumuna məruz qalarsa və ya adi silahlarla hücum dövlətimizin mövcudluğunu təhlükəyə atarsa”, - Rusiya səfiri izah edib.

Ayrı-ayrılıqda o, Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START-3) iştirakını dayandırmaq qərarını şərh edərək qeyd edib ki, söhbət strateji nüvə silahları üçün "yoxlama prosedurlarının” dayandırılmasından gedir.

"Lakin biz (müqavilənin) məsul iştirakçılarıyıq və nüvə başlıqlarına qoyulan məhdudiyyətlər qüvvədə qalacaq, biz müqavilədə yazılan məhdudiyyətlərə əməl edəcəyik", - Kelin əmin edib.

Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın START-3 müqaviləsində iştirakını dayandırdığını, lakin müqavilədən çıxmadığını bildirib. Federasiya Şurası fevralın 22-də keçirilən iclasda Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandıran qanuna səs verib.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı START müqaviləsində iştirakını dayandırmaq qərarına yenidən baxmağa çağırıb və ABŞ prezidenti Co Bayden bunu "böyük səhv” adlandırıb.

Nizami Bağırov