Dünya 18:33 14.02.2023

Rusiya təyyarəsi Polşa hava məkanını necə pozub? - Ekspert

"Reuters" agentliyinin məlumatına görə, Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki "F-35" qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb. Niderland Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb. 

Bildirilib ki, iki "Su-27" qırıcısı və bir "İl-20M" elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 "F-35"i Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb. Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd "F-35" qırıcısının müvəqqəti olaraq Polşada olduğunu vurğulayıb. 

Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib, rus qırıcılarının NATO üzvü olan Polşa sərhədini pozması koordinasiyanın zəif olması səbəbindən baş verib:



"Rusiyanın Ukraynaya təcavüzünün bir ili tamam olmaq üzrədir. Rusiya indiki vəziyyətdə heç bir halda başını NATO-nun baltasının altına qoymaz. Çünki Polşaya NATO-nun xeyli gücləndirilmiş hərbi-hava qüvvələri, hava hücumundan müdafiə sistemləri gətirilib. Rusiya indiki halda Ukrayna bataqlığından belə çıxa bilmir. Belə olan vəziyyətdə onun NATO ilə qarşı-qarşıya gəlməyə çalışması gözlənilən deyil. Düşünürəm ki, Rusiya qırıcılarının Polşa sərhədini pozması koordinasiyanın zəif olmasından, səhvə yol vermələrindən, hədəflərinə çata bilməmələrindən irəli gəlir. Yəni, rusların bilərəkdən Polşa ərazisinə girməsi intihara bərabər bir addımdır. Onlar heç bir halda NATO-nu belə hərəkətlərilə təxribata çəkə bilməyəcəklər. NATO onsuz da prosesin içindədir. Onun silahları Rusiyaya qarşı döyüşür. Moskva da NATO sərhədlərini pozmağın onun üçün ağır fəsadlarının ola biləcəyinin fərqindədir. Moskva açıq şəkildə NATO ilə baş-başa gəlmək gücündə deyil”. 

Rüfət Sultan