Siyasət 16:03 29.08.2022

Rusiya-Ukrayna savaşının yeni mərhələsi başlayır – Politoloq

Amerikalı iqtisadçı, "Atlantic Counsil” araşdırma mərkəzinin baş elmi işçisi Anders Aslund öz məqaləsində Ukrayna-Rusiya savaşında yeni, üçüncü mərhələnin başlayacağını ehtimal edib. Onun fikrincə, Ukraynanın işğal olunmuş Krımda və Belqorodda Rusiya sərhədində həyata keçirdiyi bir sıra cəsarətli hücumlar nəticəsində Kiyev təşəbbüsü getdikcə daha çox ələ keçiririr.
 
Ekspert hesab edir ki, artıq çaxnaşma yavaş-yavaş sadə ruslar arasında yayılır, onların çoxu Krım və Belqoroddan qaçırlar. Altı ay davam edən münaqişənin dinamikasının dəyişməsi Kremldə narahatlıq doğurur. Anders Aslund yazır ki, müharibə hələ bitməyib, lakin Ukraynanın zahirən artan cəsarəti və Rusiyanın hücumlarının sürətlə azalması fonunda Putin danışıqlar masasına qayıtmaq istəyini nümayiş etdirir. Həlledici hərbi qələbə hazırda Rusiyanın imkanları xaricində görünsə də, müharibənin uzun sürən dalana dirənişlə, yoxsa Ukraynanın Rusiyanı geri çəkilməyə məcbur edə biləcəyi ilə bitəcəyi hələ bəlli deyil. Rusiyadan fərqli olaraq, Ukrayna böyük əsgər ehtiyatına malikdir və səfərbərlik problemi ilə üzləşmir. Bununla belə, Ukrayna ordusu ciddi əks-hücum əməliyyatına başlamaq üçün lazım olan silahlara görə ölkənin Qərb tərəfdaşlarından böyük dərəcədə asılı olaraq qalır. 

Ukrayna-Rusiya savaşında yeni, üçüncü mərhələnin olacağı nə dərəcədə realdır?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Tural İsmayılov bildirir ki, payız aylarına doğru müharibənin üçüncü mərhələsi başlayacaq:”Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayarkən irəli sürdüyü tələblərin heç biri bu günə qədər reallaşmayıb. Kreml bəyan edirdi ki, savaşın dayanması üçün Ukrayna Krımı Rusiya ərazisi kimi qəbul etməli, eyni zamanda, Donbasda yaradılan separatçı qurumların müstəqilliyini tanımalıdır. Lakin Ukraynada hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, belə bir addımın atılması bütöbvlükdə Ukrayna dövlətinin süqutu demək olardı. Eyni zamanda, Ukraynanın da Rusiyadan tələb etdiyi müəyyən haqlı tələbləri var. Kremlin onları yerinə yetirəcəyi inandırıcı görünmür. Bu baxımdan, hazırda nə Ukraynanın geri çəkilmək perspektivi yoxdur, nə də Rusiyanın bu qədər itkilərə rəğmən indiki məqamda dayanması inandırıcı görünmür. Yay aylarından sonra, payıza doğru müharibədə yeni mərhələnin başlanacağı proqnozlaşdırılır. Hazırda Xerson şəhərində vəziyyət kritik olaraq qalmaqda davam edir. Zaporejye AES-i ətrafındakı durum da beynəlxalq birliyi ciddi narahat edir. Kiyev isə Krımdakı rus mövqelərinə qarşı cavab zərbələri endirir. Rusiya-Ukrayna müharibəsinin hələ çox davam edəcəyi və bir çox mərhələlərdən keçəcəyini söyləmək olar”. 

Politoloqun fikrincə, nəinki üçüncü, hətta müharibənin dördüncü, beşinci mərhələlərinin şahidi ola bilərik:"Bütövlükdə Rusiyada Putin iqtidarı hakimiyyətdən getməyincə, Kiyevdə isə Moskvanın şərtlərini qəbul edən ruspərəst hkumət qurulmayınca, Rusiya-Ukrayna müharibəsinin dayanacağını gözləmək qeyri-mümkündür. Ukraynaya Qərb ciddi şəkildə hərbi, maliyyə və siyasi dəstək verir. Müharibənin hələ uzun illər çəkəcəyini və nəticədə Ukrayna və Rusiyanın hər mənada böyük itkilərlə üzləşəcəyinin şahidi olacağıq”. 

Rüfət Sultan