Dünya 15:18 30.04.2022

Rusiya Ukraynadan çıxmaq istəyir? (ŞƏRH)

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya özünü NATO ilə müharibə vəziyyətində hesab etmir. "Rusiya NATO ilə müharibə aparmır, hadisələrin bu cür inkişafı nüvə müharibəsi risklərini artıra və nüvə müharibəsinə doğru bir addım ola bilər”, - nazir qeyd edib. 

Sergey Lavrovun sözlərinə görə, nüvə müharibəsinə yol vermək olmaz. Nazirin bu sözləri müxtəlif rakurslardan təhlil edilir. Xüsusi ilə "Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı məqsədlərə çatanda bitəcək” bəyanatı maraq doğurub. 

Nazirin fikrinə münasibət bildirən politoloq Tural Rzayev Qaynarinfo-ya açıqlamasında deyib ki, Rusiya müharibədə əldə etdiyi uğurlara uyğun olaraq hər dəfə hədəflərilə bağlı fikirlərini müxtəlif aspektlərdə dəyişə bilər. Politoloqun sözlərinə görə, Sergey Lavrovun bu mesajı bir tərəfdən onu göstərir ki, Moskva müharibəni belə tez dayandırmağı düşünmür:

"Ukrayna Qərb tərəfindən silahlandırılır, Rusiya burada çətinə düşüb və bir sıra ərazilərdən geri çəkilməli olublar. Rusiya yalnız Ukraynanın cənub və cənub-şərq istiqamətində irəliləməyə cəhd edir. Yəni Lavrov demək istəyir ki, ölkəsinə yönəlik təzyiqlərə baxmayaraq, Rusiya müharibəni lazım bildiyi qədər davam etdirəcək”.
 
Digər tərəfdən, həmsöhbətimizə görə, belə bir açıqlama verməklə Kreml həm də Ukraynadan çıxmaq üçün özünə ayaq yeri saxlayır:

"Moskvanın Ukraynadakı hədəfləri ilə bağlı bu ölkədə konkret fikir yoxdur. Nə Putin, nə də Rusiyanın digər rəsmiləri bu barədə konkret fikirlər ortaya qoyublar. Öncə Rusiya Kiyevi və bütün ölkəni tutmağa çalışırdı. Sonra isə Kiyevdən çəkildilər və indi daha çox ölkənin cənubu və şərqinə doğru yönəliblər. Bu o deməkdir ki, hansı ərazilərlə bağlı Rusiya hədəfə çata bilmirsə, prosesin gedişində həmin hədəfləri dəyişdirə bilər. Bu minvalla Qara dəniz sahillərilə bağlı hədəfə çatmadıqları təqdirdə də, Moskva hədəflərinin Donetsk və Luqanskın bütün ərazilərini əldə etmək olduğunu elan edə bilər. Bu mənada Lavrovun açıqlaması o deməkdir ki, Rusiya müharibədə əldə etdikləri uğurlara uyğun olaraq hər dəfə hədəflərilə bağlı fikirlərini müxtəlif aspektlərdə dəyişə bilər”. 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əl-Ərəbiyyə telekanalına müsahibəsində Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərə çatanda bitəcəyini bildirib. O, əməliyyatın mayın 9-na kimi başa çatması ehtimalına dair sualı belə cavblandırıb: "Sizə təsvir etdiyim məqsədlər həyata keçirildikdən və nəticələr olandan sonra əməliyyatlar başa çatacaq”. 

Rüfət Sultan