Dünya 22:55 28.03.2023

Rusiyada bütün taksi xidmətləri FSB-nin nəzarətinə keçir - Bütün məlumatlara çıxış

FSB geolokasiya məlumatlarına və taksi sərnişinlərinin ödəniş vasitələrinə dair məlumatlara məhkəmədən kənar çıxış əldə etməyi gözləyir. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Rusiya hökumətinin müvafiq qərar layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında dərc olunub.

Sənədin mətninə əsasən, taksi sifarişi xidmətləri agentliyə "sifarişlərin qəbulu, saxlanması, emalı və ötürülməsi üçün istifadə olunan informasiya sistemlərinə və məlumat bazalarına gecə-gündüz məsafədən çıxışı” təmin etməli olacaq. Aqreqator FSB sorğusunu yerinə yetirə bilmirsə, o zaman məlumatların təqdim edilməsinin mümkünsüzlüyünün səbəbini əsaslandırmalı və sorğunun yerinə yetirilməsi üçün tələb olunan vaxt barədə xidmətə məlumat verməlidir.

RBC qeyd edir ki, taksi sifarişi xidməti FSB-yə on iş günü ərzində məlumat verməli olacaq, lakin sorğu "təcili" olaraq qeyd olunarsa - üç iş günü ərzində.

Layihə Rusiya Federasiyasının Prezidenti tərəfindən ötən il dekabrın sonunda imzalanıb və 2023-cü il sentyabrın 1-dən qüvvəyə minən taksi haqqında qanunun həyata keçirilməsi üçün hazırlanıb. Buna əsasən, taksi sifarişi xidmətlərinin FSB-yə sifarişləri qəbul etmək, saxlamaq, emal etmək və ötürmək üçün istifadə olunan məlumat bazalarına çıxışı təmin etməsi tələb olunur.

Qanun, həmçinin taksi sifarişi xidmətlərinin reyestrinin, sərnişin taksi daşıyıcılarının reyestrinin və sərnişin taksilərinin regional reyestrinin yaradılmasını və cinayət keçmişi və üçdən artıq ödənilməmiş inzibati cəriməsi olan vətəndaşların taksi sürücüsü kimi işləməsinə qadağa qoyulmasını nəzərdə tutur. 

Alpər