Siyasət 15:38 30.06.2022

Rusiyada məğlub dövlət başçılarını sevmirlər - Rauf Mirqədirov

Rusiya Prezidenti Vladimir Putin bu günlərdə bildirib ki, Ukraynada xüsusi əməliyyat plan üzrə gedir, onun hansısa müddəti barədə danışmaq düzgün deyil. Kremlin sahibi vurğulayıb ki, rus qoşunları öz məqsədlərinə çatmaq üzrədir.

Qeyd edək ki, oxşar açıqlama ilə Putin əvvəllər də çıxış edib. Rusiya müharibənin əvvəlində bütün Ukraynanı tutmaq, oradakı hakimiyyəti devirib, marionet rejimi iqtidara gətirmək istəyirdi. Lakin keçən müddət göstərdi ki, Putin istəyinə nail ola bilmir. Ona görə də sonrakı mərhələdə Rusiya bütün diddəti Ukraynanın şərq və cənub bölgəsinə yönəltdi. Bu istiqamətdə Rusiya müəyyən üstünlüklər əldə edib. Lakin bununla belə, Ukrayna tərəfi mübarizəni davam etdirir və təslim olmaqdan çox-çox uzaqdır. Putinin müharibənin hansısa müddəti ilə bağlı danışmağın düzgün olmaması barədə verdiyi açıqlama isə onu göstərir ki, artıq Moskva əməliyyatların uzanmasından narahatlıq keçirir.

Rusiya vətəndaşlarının müharibənin uzanmasının ağır nəticələrini öz üzərlərində artıq hiss edir. Putin isə bu fonda müharibənin müddət barədə danışmağın yersizliyini önə çəkməklə yəqin ki, bir növ həmin narazıları sakitləşdirmək niyyəti güdüb. Bununla o, həm də hələlik müharibə məsələsində geri çəkilməkdən qat-qat uzaq olduğu mesajını da verir. 

Məsələ barədə Qaynarinfo-ya danışan siyasi şərhçi Rauf Mirqədirov düşünür ki, Putin yalnız qələbə ilyuziyası yaradandan sonra müharibəni dayandıracaq:
 
"Putin qələbə çalmalıdır. Onun düşüncələrinə görə ən azından tam qələbə ilyuziyası yaranandan sonra savaş dayana bilər. 130 günə yaxındır ki, müharibə davam edir. Rusiya həddən artıq böyük itkilərlə üzləşsə də, ciddi uğur qazana bilmir. Moskvada anlayırlar ki, yayın sonu, payızın əvvəlində sanksiyaların təsiri özünü daha ciddi şəkildə büruzə verəcək. Amma bununla yanaşı, Putin indiki halda dayana bilməz. Çünki gözəl başa düşür ki, indiki Ukrayna hakimiyyəti dəyişməzsə, hər hansı bir sülh onun özünün sonudur. Xüsusən də Rusiyada məğlub dövlət başçılarını sevmirlər. Ruslar güclü lideri sevir”. 

Həmsöhbətimiz qeyd edir ki, Putin həmçinin böyük cinayətlər törədib:
 
"O, tək oğurluq və korrupsiyada ittiham olunmur. Həm də beynəlxalq müstəvidə və siyasi opponentlərinin qətlləri də daxil kütləvi cinayətlərdə ittiham olunur. Ukraynada məğlub olarsa, Putinin devrilməsi vaxt məsələsi olacaq. Bunu özü də gözəl bilir. Devriləndən sonra da bütün cinayətlərini yada salacaqlar və nəticədə "dərisinə saman” təpəcəklər. Ona görə də o, yalnız qalibiyyət olacağı təqdirdə müharibəni dayandıra bilər. Nə vaxt qalib gələcəyini isə sözsüz ki, heç özü də bilmir”.

Rüfət Sultan