Hüseynbala Səlimov
Dünya 09:46 27.02.2023

Rusiyanın daha bir fiaskosu?..

Ukrayna-Rusiya müharibəsinin bir ili tamam oldu. Belə deyilirdi ki, müharibənin ildönümündə ruslar hərbi teatrda ciddi dönüş edəcəklər. Di gəl, olmadı - bir il ötdü, amma rus hərb maşını böyük hesabla hələ də yerində sayır. 

Kreml general Valeri Gerasimovu "xüsusi əməliyyat”lara komandan təyin edəndə çoxu buna ironiya etmişdi, çünki Moskvanın uğursuzluqları hansısa generalla və yaxud da əlamətdar tarixlərlə bağlı deyil, hər şey daha dərindir – Rusiya çox ədalətsiz müharibə aparır, ukraynalılar isə vətənlərini qoruyurlar və onlar rusların dediyi kimi, neonasist, "boyevik” və yaxud da millətçi deyillər, Ukrayna ordusunun əsgər və zabitləridir...

Bu yaxınlarda prezident Putinin Federal Məclisə müraciətini biz də izləməyə çalışdıq. Ona görə "çalışdıq” ki, bu müraciətin çoxu yalan idi. 
Əlbəttə, müəyyən məqamlar vardı ki, onlarla hesablaşmamaq mümkün deyildi. Bəli, demokratik Qərbi bürüyən dəyərlər deqradasiyası – eyni cincli ailələr, homoseksuallar, lesbianlar və hətta pedofillər... 

Sözsüz ki, bütün bunları inkar etmək mümkün deyil. Əslində, bu iyrənc hallar hər yerdə var. Amma demokratik Qərbdə onları leqallaşdırmağa cəhd edir və hətta demokratiya, Qərblə, Avropa ilə inteqrasiya yoluna təzə qədəm qoyan gənc dövlətlərə bu cür fenomenləri bir test kimi irəli sürürlər – homoseksualların və lesbianların aksiyalarına razılıq verdinsə, deməli, Avropaya inteqrasiyaya hazırsan. Razılıq vermədinsə, qapının kandarında on illərlə gözləməli olacaqsan...

Bu mənada Rusiya prezidentilə razılaşmamaq mümkün deyil. Burada hətta Semyuel Hanqtinqtonun bir neçə il bundan əvvəl irəli sürdüyü "sivilizasiyaların toqquşması” nəzəriyyəsi yada düşür. Avropalı siyasətçilər buna sivilizasiyalılığın "sınağı” desələr də, əslində bu, çox gülünc cəhd hesab edilir. Axı hansı sınaqdan söhbət gedir? Homoseksualizmə, lesbianlığa dözümlülükdənmi? Razılaşın ki, bütün bunlar cəfəngiyyatdır və söz güləşdirməkdir.

"İncil”də bir şəhərin məhv edilməsindən danışırlar. Bəzi Qərb ölkələrinə baxanda məhz həmin şəhər yada düşür – bəli, bütün müqəddəs dəyərlərin ayaqlar altına atıldığı, heç bir müqəddəs dəyərin qalmadığı ölkələr və yaxud dövlətlər...

Amma Rusiyanın dərdi budurmu? Onlar Ukraynada yalnız buna görə vuruşurlarmı? Əlbəttə ki, yox. Moskva açıq-aydın keçmiş SSRİ-ni bərpa etməyə çalışır, Ukrayna ilə müharibəni həll etməmiş Moldovanı hədələməyə cəhd edir, hətta Baltik respublikaları ilə də münasibətləri gərginləşdirir...

Ona görə də Rusiyanı "bəşəriyyətin namusunu çəkən” bir dövlət kimi qələmə vermək gülünc olardı. Hər şey daha mürəkkəbdir. Elə bu mürəkkəblik də proseslərə anlaşılmaz bir qəlizlik qatır. Bəs bu hadisələr hara istiqamət götürəcək?

Kreml başa düşməlidir ki, İosif Stalini reabilitasiya etməyə çalışmaqla heç nəyə nail olmayacaqlar. Ən azı ona görə ki, tarix təkrarları sevmir – Stalin də bir dəfə oldu və bitdi. Məsəl var, deyirlər ki, ördək qaz yerişi yeriyə bilməz, hərənin öz yerişi var...

O ki qaldı hadisələrin inkişaf istiqamətinə, biz bu sətirləri yazanda ölkəmiz Rusiya xarici işlər naziri S.Lavrovun növbəti Qafqaz turnesini gözləyirdi. Deyirdilər ki, Lavrov Bakıya fevralın 27-28-də gələcək. Bu səfər çox mühüm proseslərə təsadüf etdi. Ruben Vardanyan istefa verdi, daha doğrusu, istefa verməyə macal belə tapmadı, öz postundan qovuldu. Ehtimallar çoxdur, Vardanyanın gələcək "siyasi planları” ilə bağlı çox fərziyyələr irəli sürülür. Biri də budur ki, Kreml onu qurban verdi. Amma tələsmək lazım deyil, görək, bu oyunun axırı necə olur?..

Amma daha çox diqqət çəkən başqa bir detaldır. Deyəsən, Brüssel prosesi bərpa olunur və hətta belə ərz edirlər ki, növbəti Brüssel görüşü bu yaxınlarda baş tutacaq. Bu isə o deməkdir ki, Cənubi Qafqazda da ABŞ və Avropa senarisi üstün gəldi. Bəli, sanki hər yerdə Rusiyanı acı və hətta biabırçı fiaskolar təqib edir...

Hüseynbala Səlimov