Siyasət 12:44 16.03.2023

"Rusiyanın taleyindən Azərbaycan yox, Ermənistan nəticə çıxartmalıdır" (ŞƏRH)

"Əsas məsələ qüvvələr nisbətidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin Azərbaycanın Rusiyanın taleyindən nəticə çıxartmalı olduğu barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.

"Rasmussen heç kimdir. Təqaüddə olan məmurdur. Onun dediklərinə fikir vermək lazım deyil. Əsas məsələ qüvvələr nisbətidir. Azərbaycan indi güclüdür. Diplomatik fəaliyyətini gücləndirib dünyanı həqiqətən də barışıq istədiyinə, Ermənistanın isə buna əngəl olmağa çalışdığına inandıra bilsə, sonda istədiyimiz nəticəyə gələcəyik. Bu istiqamətdə hazırda müəyyən uğurlarımız da var”. 

Mövzu ilə bağlı danışan Müsavat Partiyası başqanı Arif Hacılı isə daha kəskin mövqe bildirib:

"Azərbaycan təcavüzkar deyil. Biz heç kəsin ərazisini işğal etməmişik. Əksinə, elə Rusiyanın himayəsi və birbaşa iştirakı ilə bizim ərazimiz işğal olunub. İşğalçı tərəf Ermənistandır. Rusiyanın taleyindən Azərbaycan yox, Ukrayna müharibəsində Rusiyanın Belarusdan sonrakı ikinci müttəfiqi olan işğalçı Ermənistan nəticə çıxartmalıdır”. 

Qeyd edək ki, "The Economist” nəşrinin yazdığına görə, NATO-nun keçmiş Baş Katibi Anders Foq Rasmussen Azərbaycan Rusiyanın taleyindən nəticə çıxartmalı olduğunu bildirib. 

Rüfət Sultan